Bakı Mühəndislik Universiteti (BMU) ingilis dilində hazırladığı yeni teledərsləri tələbələrin ixtiyarına verib. Kimya mühəndisliyi ixtisası üzrə bir laboratoriya dərsi, Biznesin idarə edilməsi, həmçinin Avtomatika və elektroenergetika ixtisasları üzrə iki nəzəri dərs BMU-nun saytındakı “Teledərs” bölməsinə yerləşdirilib.

 

Universitetdən bildirilib ki, cari ilin oktyabr ayından start verilən layihə çərçivəsində ümumilikdə, 33 teledərs yayımlanıb. Tələbələr istənilən zaman kəsiyində BMU-nun saytına daxil olmaqla (https://beu.edu.az/az/page/teleders-190/) həm bu həftə yeni yayımlanan, həm də bundan əvvəl təqdim olunan dərsləri izləmək imkanına malikdirlər. Teledərslərdən eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələrinin də faydalanmaq imkanı vardır.

 

BMU-nun “Teledərs” layihəsi mövcud pandemiya şəraitində təhsilə marağın azalmamasına, distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasların, o cümlədən laboratoriya şəraitində öyrədilməsi vacib olan fənnlərin daha yaxşı mənimsənilməsinə və ingilis dilində oxuyan tələbələrin dil bacarıqlarının inkişafına xidmət edir.