Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər İli” elan edilib. Dövlət başçısının bu Sərəncamına uyğun olaraq respublikada çoxsaylı tədbirlər həyata keçirilir və könüllülük hərəkatında xüsusi fərqlənən gənclər müxtəlif nominasiyalar üzrə təltif edilirlər.

 

Bakı Slavyan Universitetindən (BSU) verilən məlumata görə,  universitetin beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin II tədris ili tələbəsi, Prezident təqaüdçüsü, respublika müsabiqələri laureatı, Yeni Azərbaycan Partiyasının təqaüdçüsü Murad Hüseynli  də “İlin könüllüsü” adına layiq görülüb.

 

Murad Hüseynli bildirib ki, bu gün Azərbaycan xalqı tarixi anlara şahidlik edir:” Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxındır işğal altında qalan torpaqlarımız, doğma Qarabağımız azad olundu, yeni tarix yazıldı. Müqəddəs üçrəngli dövlət bayrağımız Azərbaycanın incisi, doğma Şuşamızda dalğalandı. Vətən uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmadı”.

 

“BSU-nun tələbə-könüllüləri də Vətən müharibəsinin ilk günlərindən verilən bütün tapşırıqları layiqincə yerinə yetirdilər, ön cəbhədə vuruşan  əsgər və zabitlərimizə dəstək oldular. Buna görə onlar özlərini məmnun hiss edirlər. Gələcək nəsillər hər zaman xatırlayacaqlar: Qarabağımıza məhz  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə, yəni  Prezidentin elan etdiyi "Könüllülər İli" ndə qovuşduq. Bu,  könüllülər üçün ən böyük sevincdir”-deyə M.Hüseynli   vurğulayıb.