Strateji baxımdan mühüm geosiyasi məkanda yerləşən Azərbaycan tarix boyu diqqət mərkəzində olub. Təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də Asiya və Avropa qitələri arasında hər zaman körpü rolunu oynayıb. Bu gün ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri və s. kimi regional, qlobal enerji, nəqliyyat layihələrinin təşəbbüskarı, fəal iştirakçısı rolunda çıxış edir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının  İdarəetmə Sistemləri İnstitutunun alim və mütəxəssisləri də ölkəmizə bu işdə öz töhfələrini vermək üçün çalışırlar. Müəssisənin direktoru, akademik Telman Əliyev bildirib ki, institutun əməkdaşları Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi boyunca “Dəmir yolu yatağının təhlükəsizliyi”, “Öncədən seysmik xəbərdarlıq sistemi” kimi layihələr təklif ediblər.

 

Onun sözlərinə görə, təklif olunan layihələr artıq uğurla sınaqdan keçirilib. Akademik bu layihələrin Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin iştirakçıları olan Gürcüstan, Polşa və digər ölkələr tərəfindən də maraqla qarşılandığını vurğulayıb.