Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində Beynəlxalq insan hüquqları gününə həsr edilən onlayn elmi-praktik konfrans keçirilib.

 

Universitetdən bildirilib ki, rektor Elçin Babayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən bəhs edib. O, BDU-nun hüquq fakültəsinin fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin etdiyini diqqətə çatdırıb.

        

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Allahverən İsmayılov çıxışında tarixən insan hüquqları və azadlıqları ilə bağlı vəziyyəti təhlil edərək hazırda bu sahədə həyata keçirilən tədbirlərin önəmini vurğulayıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub, ölkədə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülüb.

 

Daha sonra BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov, Azərbaycan Respublikası Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı, DİN-in Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki Ceyhun Süleymanovun mövzu ilə bağlı çıxışları dinlənilib.

 

BDU-nun hüquq fakültəsinin 2-ci kurs magistrantı Əkbər Əliyev “İnsan hüquqları və informasiya kommunikasiya texnologiyaları”, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursantı Orxan İbayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ silahlı münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin hüquqlarının təminatı məsələləri”, Polis Akademiyasının III kurs kursantı Muhəmməd Nəsibli “İnsan hüquqları standartlarının daxili işlər orqanlarının fəaliyyətində səmərəli təminatı”, BDU-nun hüquq fakültəsi 2-ci kurs tələbəsi Lamiyə Quliyeva “İnsan hüquqları müdafiəsində regional mexanizmlər”, Heydər Əliyev adına Akademiyanın kursantı Rəşad Süleymanov “Köləliyə qarşı mübarizə və insan hüquqları”, Polis Akademiyasının V kurs kursantı Nilgül Ceyidli “Qadın polis əməkdaşlarının əmək hüquqlarının təmin edilməsinin aktual məsələləri”, Heydər Əliyev adına Akademiyanın kursantı Ülvi Hüseynli “Kiberfəzada cinayətkarlıqla mübarizə kontekstində insan hüquqları”, BDU-nun hüquq fakültəsinin 2-ci kurs tələbəsi Vəfa Xurşudova “Qadın hüquqlarının müdafiəsinin aktual problemləri” mövzusunda təqdimatla çıxış ediblər.

 

Çıxışlarda insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi, demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət, insan hüquq və azadlıqlarının pozulması halları, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası, insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi sahəsində mövcud olan qanunvericilik aktları, insan hüquqları sahəsində beynəlxalq standartlar, qadın hüquq və azadlıqları, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, azadlıq və toxunulmazlıq hüququ, şəxsi həyata və ailə həyatına hörmət hüququ kimi məsələlər haqqında ətraflı məlumat verilib.