Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı bir sıra universitet və elmi müəssisələrdə tədbirlər keçirilib.

 

“Heydər Əliyev - Müstəqil Azərbaycan Respublikasının yaradıcısı”

 

Sumqayıt Dövlət Universitetində (SDU) “Heydər Əliyev - Müstəqil Azərbaycan Respublikasının yaradıcısı” mövzusunda videokonfrans formatında elmi-praktik konfrans keçirilib.

 

Universitetin rektoru, professor Elxan Hüseynov 44 günlük müharibədə Azərbaycanın döyüş meydanında Ermənistanı darmadağın etməsində, 30 ilə yaxın davam edən işğala son qoyulmasında ordumuzun gücünü,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsini yüksək qiymətləndirib. Rektor Ümummilli lider Heydər Əliyevin xalqa məhşur  müraciətini xatırladıb : "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

E.Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurub:” Ümummilli lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı. Prezidentin noyabrın 8-də Şəhidlər Xiyabanında etdiyi çıxışda dediyi kimi, bu vəsiyyət yerinə yetirildi, Şuşa azad olundu, noyabrın 10-da isə Vətən müharibəsi Qələbə ilə başa çatdı”.

 

Konfransda Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov  “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin tarixində”, Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Gülbəz Rüstəmova “Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında Heydər Əliyevin rolu”, Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda təhsil sahəsinin inkişafı”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti, Karyera mərkəzinin müdiri Əmirxan İsayev “Heydər Əliyevin ordu quruculuq fəaliyyətinin nəticəsi bu gün”, mühəndislik fakültəsinin I kurs tələbəsi Məhbubə Məmmədova Heydər Əliyevin siyası ideyalarını gerçəkləşdirən – İlham Əliyev” mövzularında məruzə ilə çıxış ediblər. Azərbaycan dövlətinin qurucusu, memarı olan Heydər Əliyevin şərəfli həyat yolundan, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə əldə olunan uğurlardan, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində Ulu öndərin müstəsna xidmətlərindən danışıblar. 

 

“Heydər Əliyev - əbədiyaşar lider”

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev - əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.

 

MEK-in direktoru, professor Məmməd Əliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin qorunub saxlanılmasından, respublikamızda bütün sahələrin inkişaf etdirilməsində misilsiz fəaliyyətindən bəhs edib. Direktor Prezident İlham Əliyevin xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti ilə bağlı fikirlərindən sitat gətirib: "Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim: xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır!”.

Anım tədbirində MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynovanın “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin təşəkkülü” adlı məruzəsi dinlənilib. Məruzəçi Ümummilli liderin elmin, mədəniyyətin, iqtisadiyyatın, təhsilin inkişafı ilə bağlı əvəzsiz ideyalarından, kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən, kitabxanalara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

 

Daha sonra dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoslayd nümayiş olunub.

 

Sonda tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər.

 

Qurucu Lider

 

Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda onlayn dəyirmi masa keçirilib.

 

Universitetin rektoru Elçin Babayev Ulu öndər Heydər Əliyevin xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxararaq müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun sağlam gələcəyinin etibarlı bünövrəsini yaratdığını qeyd edib.

 

E.Babayev Ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Rektor xalqın milli-mənəvi dəyərlərinin bütün dövrlərdə  qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətin, elmin və təhsilin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb.

 

Daha sonra Milli Məclisin deputatları -Musa Qasımlı, Anar İsgəndərov, Jalə Əliyeva, Cavid Osmanov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, professor İbrahim Zeynalov, tarix fakültəsinin II kurs magistrantı Fuad Həbibzadə, professor Sevinc Hacıyeva çıxış ediblər.

 

Çıxışlarda Azərbaycanın bugünkü inkişafında Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin mühüm rol oynadığı qeyd edilib. Vətən müharibəsində qazanılan parlaq qələbənin məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyinin möhkəm təməlinin qoyulması, milli ruh, azərbaycançılıq məfkurəsinin yüksəlməyə başlaması, ordu quruculuğu sahəsində həyata keçirilən islahatların davam etdirilməsi sayəsində əldə olunmasına diqqət çəkilib.