ADPU Edmonton Konkordia Universiteti ilə birgə elmi konfrans keçirib


Beynəlxalq elmi konfrans 17-18 dekabr 2020-ci il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Kanadanın Edmonton Konkordia Universiteti (Concordia University of Edmonton) ilə birgə keçirilib.

 

Konfransın plenar iclasında layihə rəhbəri Leyla Tağıyeva bildirib ki, bu layihənin icrası ilə inklüziv təhsil sahəsində kadr potensialının gücləndirilməsi, dərslik və digər əyani vəsaitlərin hazırlanması, inklüziv cəmiyyətin formalaşdırılması üçün ictimai maarifləndirmənin genişləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və digər istiqamətlərdə işlər görülüb. Bununla da Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan bir sıra məqsədlərin reallaşdırılmasına töhfə verilib.

 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov qeyd edib ki, layihənin icrası istiqamətində görülən işlər pedaqoji kadrların hazırlanmasına müsbət təsir edib. Belə ki, layihə çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış inklüziv təhsil üzrə təlim modulları ADPU-da 4 ixtisas üzrə “İnklüziv təhsil” fənninin proqramına daxil edilib, ADPU və onun filiallarında müasir texnoloji resurs və əyani vəsaitlərlə təmin edilən, kadr hazırlığı üçün faydalı mənbə olan inklüziv təhsil mərkəzləri yaradılıb, ADPU-da inklüziv təhsilin tədrisi ilə məşğul olan bir qrup professor-müəllim heyəti mütərəqqi inklüziv təhsil təcrübəsinə malik Portuqaliyada təlim səfərində olub.

 

Asəf Zamanov vurğulayıb ki, layihənin qarşıya qoyduğu mühüm məsələlərdən biri də inklüziv təhsilə elmi-tədqiqat aspektindən yanaşmaq, ölkəmizin elm və təhsil ictimaiyyətini qabaqcıl dünya təcrübəsi ilə yaxından tanış etmək məqsədilə beynəlxalq konfransın təşkil edilməsidir. Hesab edirik ki, “İnklüziv təhsil: reallıqlar, çağırışlar, perspektivlər” beynəlxalq elmi konfransı məlum qlobal pandemiya ilə əlaqədar onlayn formatda yüksək keyfiyyət və təşkilatçılıqla keçirilməklə həm Azərbaycan, həm də xarici ölkə mütəxəssisləri tərəfindən konfransda təqdim ediləcək elmi məruzələr professor-müəllim heyəti, tədqiqatçılar və digər maraqlı tərəflər üçün faydalı olacaqdır.

 

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas ötən müddət ərzində layihə çərçivəsində dayanıqlı məhsullar hazırlandığını qeyd edib. Səfir, həmçinin bütün şagirdlərin keyfiyyətli təhsil alması üçün elmi tədqiqatlara əsaslanan təlim yanaşmalarının tətbiqinin vacibliyini diqqətə çatdırıb.

 

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva inklüziv təhsilin Azərbaycanda təhsil siyasətinin mühüm tərkib hissəsi olduğunu, son dövrlərdə qəbul edilən qanun və proqramlarda inklüziv təhsilə xüsusi yer verildiyini vurğulayıb.

 

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova Uşaq Fondunun icra etdiyi oxşar layihə çərçivəsində RİİB ilə çoxistiqamətli əməkdaşlıq edildiyini bildirib. O, həmçinin inklüziv təhsilin yalnız əlilliyi olanların deyil, bütün uşaqların bərabər və keyfiyyətli təhsil almasını təşviq edən anlayış kimi təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.

 

Təqdimatlar bölümündə “İnklüziv təhsilin dəstəklənməsi: nələr səmərəlidir, nələr deyil?” mövzusunda təqdimatla çıxış edən Kanadanın Konkordia Universitetinin prezidenti professor Timoti Lorman inklüziv təhsilin milli və beynəlxalq kontekstdə daim təkmilləşən bir proses olduğunu və mütəmadi islahatlar aparmaqla buna hazırlıqlı olmağın vacibliyini qeyd edib.

 

Beynəlxalq təhsil eksperti dr. Piter Qrayms, inklüziv təhsil üzrə beynəlxalq ekspert Marike Stivens, London Universitet Kollecinin inklüziv təhsil mərkəzinin direktor müavini dr. Amelia Roberts və Portuqaliya Təhsil İdarəsinin direktoru Filomena Pereira inklüziv təhsilin uğurlu tətbiqi üçün yol xəritəsi, müəllim inkişafına dair beynəlxalq təcrübə və tendensiyalar, inklüziv təhsili dəstəkləmək üçün tədris prinsipləri, bu sahədə beynəlxalq təcrübə və perspektivlərə dair məruzə və təqdimatlarla çıxış ediblər.

 

250-yə qədər yerli və beynəlxalq ekspert, inklüziv təhsil üzrə mütəxəssis, doktorant, magistrant və gənc tədqiqatçıların iştirak etdiyi beynəlxalq konfransda inklüziv təhsilin fəlsəfi əsasları, hüquqi aspektləri, universitetlərin inkişafının strateji planlaşdırılmasında inklüziv yanaşma və digər istiqamətlərdə 30-dan çox maraqlı məruzələr dinlənilib, müzakirələr aparılıb.