Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə start verilib. Bu məqsədlə Naxçıvan Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “Ümumtəhsil məktəblərinin ibtidai siniflərində pedaqoji və psixoloji işin təşkilinin müasir tələbləri” mövzusunda konfrans keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov  bildirib ki, bakalavr, magistr, doktorantura səviyyələri üzrə kadr hazırlığı ilə yanaşı, diplomdan sonrakı təhsilin istiqamətləri üzrə də məqsədyönlü işlər aparılır. Onun sözlərinə görə, diplomdan sonrakı təhsil prosesində peşəkar və səriştəli müəllim hazırlığında müəllimlərin pedaqoji və psixoloji hazırlığının artırılması günün vacib tələbidir:”Müasir cəmiyyət müəllimlərin hazırlıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə tələbkar yanaşır. Müasir müəllimin qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmi-metodiki, pedaqoji biliklər kifayət etmir. Hər bir müəllim həm də  psixopedaqogikanı, pedaqoji psixologiyanı və psixologiyanı mükəmməl bilməlidir. Elmi-nəzəri və pedaqoji biliklərlə yanaşı, psixoloji bilikləri yüksək olan müəllim daha peşəkar müəllim hesab olunur.

 

Konfransda Naxçıvanın Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, bütün sahələr kimi təhsilin də inkişafı diqqət mərkəzindədir. Təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir. 

 

Qeyd edilib ki, təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti müəllim əməyinin bəhrələrini daha da artırır, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Buna görə də muxtar respublikada 2019-2020-ci tədris ilinin nəticələri uğurlu olub, qəbul imtahanlarında yüksək nəticələr əldə edilib, məzunlardan 236-sı Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunub. Ötən tədris ilində 663 məzun (onlardan 73-ü 500-700 arası bal toplayıb) pedaqoji profilli ixtisasları seçib.

 

Bildirilib ki, son illər müəllimlərin işə qəbulu prosesinin şəffaflığı, əlçatanlığı və nəticələri təhsil sistemində müsbət inkişaf dinamikasının güclənməsinə, rəqabətli təhsil mühitinin formalaşmasına, müəllim peşəsinin nüfuzunun artmasına gətirib çıxarıb.

 

Nazir qeyd edib ki, müəllimin əsas vəzifəsi yenilikləri vaxtlı-vaxtında öyrənib şagirdlərə çatdırmaqdır:” Müasir fənn kurikulumları müəllimdən yüksək ixtisas dərəcəsi ilə yanaşı, əmək fəaliyyəti boyunca fasiləsiz peşə hazırlığı da tələb edir. Müəllimlər bilik və bacarıqlarını artırmaq, peşəkarlıq səviyyələrini yüksəltmək üçün daima fəal olmalı, innovasiyaları öyrənməli və müntəzəm olaraq təkmilləşməlidirlər”.

 

Vurğulanıb ki, təlim kurslarının səmərəliliyini və davamlılığını təmin etmək üçün Naxçıvan Müəllimlər İnstitutu və ümumtəhsil məktəblərinin təcrübəsindən, resurslarından istifadə olunacaq.

 

Konfransdan sonra  35 ibtidai sinif müəlliminin 5 günlük onlayn təlimləri başlayıb.

 

Təlimlər yanvarın 30-dək davam edəcək. Sonda təlimdə iştirak edən müəllimlər test vasitəsilə qiymətləndiriləcək və onlara sertifikat təqdim olunacaq.