Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən Mingəçevir Dövlət Universitetinə (MDU) mühəndislik, energetika, mexanika, informasiya texnologiyaları və digər sahələri əhatə edən 117 adda, 142 nüsxədə kitab hədiyyə edilib.

 

Universitetlər arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində təqdim olunan dərslik və dərs vəsaitləri MDU-da, ilk növbədə mühəndislik fakültəsinin potensialının gücləndirilməsinə töhfə verilməsi məqsədi daşıyır.

 

MDU-dan bildirilib ki, modernləşmə yolunda olan təhsil ocağı ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində digər qabaqcıl universitetlərlə yanaşı, ADNSU ilə də hərtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

 

Qeyd edək ki, ötən ilin sonunda iki universitet arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə tədqiqatların aparılması, ortaq layihələrin icrası, MDU tələbələri və müəllimlərinə ADNSU-nun zəngin kitabxanasına çıxış imkanının verilməsi, MDU-nun gənc əməkdaşlarının ADNSU-da doktorantura səviyyəsində təhsil alması və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə ilkin razılıq əldə olunmuşdu.