Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı  ilə “Rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi və nağdsız qaydada əməliyyatların aparılması” mövzusunda onlayn seminar keçirilib.

 

İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda aidiyyətı dövlət orqanlari ilə birlikdə müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

 

Qeyd olunub ki, muxtar respublikanın bütün regionları sürətli internet və elektron ödənişlərin həyata keçirilməsi üçün lazımi vasitələrlə təmin edilib. Yaradılmış şəraitdən səmərəli istifadə etmək üçün institutun professor-müəllim heyəti və tələbələrinin bu xidmətlərdən yararlanmaq imkanlarının genişləndirilməsi istiqamətində maarifləndirici tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

 

Sonra Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Elçin Babayev “Nağdsız ödənişlərin mahiyyəti və üstünlükləri” mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən ödəniş kartları, ödəniş tapşırığı, mobil telefon aparatları, kompüter və digər avadanlıq vasitəsilə  pul və­saitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi əməliyyatıdır. Nağdsız ödənişlərin həyata keçirilməsində ödəniş kartlarının çox mühüm əhəmiyyəti vardır.

 

Bildirilib ki, nağdsız əməliyyatlardan istifadə etməklə insanların öz üzərlərində  nağd pul daşımasına ehtiyac qalmır, həm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanı yaranır. Fərqli ödənişlərin eyni vaxtda evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi, vergilərin, rüsumların, digər büdcə ödənişlərinin, kommunal xərclərin (işıq, qaz, su, telefon və s.) internet vasitəsilə ödənilməsi, elektron ödənişlərin qısa müddətdə şəxsi vərəqədə əks olunması, avia biletlərin, digər mal və xidmətlərin internet vasitəsi ilə həyata keçirilməsi vətəndaşa əlavə vaxt və xərclərə nəzarət imkanı verir.

 

Həmçinin, Dövlət Vergi Xidməti və Mərkəzi Bank tərəfindən 2014-cü ildən başlayaraq hər 6 ayda bir dəfə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir vasitəsilə nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu yolla nağdsız əməliyyatların genişləndirilməsinə və kütləviliyinin artırılmasına nail olmaq üçün daha çox nağdsız ödənişlər həyata keçirən sakinlərə qiymətli hədiyyələr təqdim olunur. Nağd hesablaşma ilə müqayisədə ödəniş kartı vasitəsilə aparılan əməliyyatlar kart sahibinə çoxsaylı üstünlüklər təqdim edir.

 

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.