Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin yekunlaşması ilə əlaqədar bağlanış və mükafatlandırma mərasimi keçirilib.

 

Zoom platforması üzərindən təşkil edilən mərasimdə MDU-nun rektoru Şahin Bayramov, universitetin tələbə, magistrant və akademik heyət üzvləri, Siegen Universitetindən layihə rəhbəri, “Sahibkarlıq və ailə biznesi” kafedrasının müdiri, professor Petra Muq və layihənin icrasına Almaniyadan cəlb olunmuş ekspertlər iştirak ediblər.

 

Rektor Şahin Bayramov regional eko-sistemin inkişafına töhfə verən  layihənin əhəmiyyətindən bəhs edib, sahibkarlıq sahəsində praktiki bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə faydalı təlimlərin keçirilməsində əməyi olan Siegen Universiteti komandasına təşəkkürünü bildirib.

 

Universitetlər arasında davamlı qarşılıqlı əməkdaşlığın üstünlüklərindən danışan Ş.Bayramov gələcəkdə MDU-nun strateji hədəflərinə uyğun istiqamətlərdə müxtəlif layihələrin reallaşdırılmasında maraqlı olduğunu diqqətə çatdırıb.

 

Layihə rəhbəri, professor P.Muq, ekspertlər Julian Ruf, Konrad Meisner və Qənirə İbrahimova çıxış edərək pandemiya dövrünün çətinliklərinə baxmayaraq, birgə layihənin uğurla baş tutmasından və əldə edilən nəticələrdən məmnun olduqlarını bildiriblər.

 

Sonra mükafatlandırma mərasiminə başlanılıb və bütün təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib. Layihə çərçivəsində müxtəlif sahələr üzrə biznes planlarını təqdim edən MDU-nun tələbə və magistrantlarından ibarət komandalar arasından qaliblər elan olunub.

 

"New line textile" adlı seçilmiş ən yaxşı biznes planın müəllifləri-İlham İlyasov və Zamin İsmayılov, “Artificial irrigation" adlı biznes planın müəllifləri- Elvin Muradzadə və Zəminə Məmmədova dünyaca nüfuzlu "Coursera" beynəlxalq təhsil şirkətində ödənişsiz birillik təhsil almaq hüququ qazanıblar.