“Bərbər”  ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib. Proses Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü və “Beauttech” MMC-nin təşkilati dəstəyi ilə ölkə ərazisində mövcud karantin rejiminin tələblərinə əməl olunaraq baş tutub. 

 

 

Məlum olduğu kimi, bir müddət əvvəl Agentlik tərəfindən “Bərbər”  ixtisasının “Saçın rənglənməsi” və “Saç düzümləri” modulları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin ilkin mərhələsi test imtahanları formatında onlayn qaydada təşkil edilib. 

 

 

TKTA tərəfindən yaradılmış Qiymətləndirmə Komissiyasına “D.İ.” Studionun rəhbəri Dmitriy İskakov, “SHER Academy”nin rəhbəri Rövşən İsmayılov və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi müəllimi Mərziyə İsmayılova cəlb olunub.  

 

 

Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər dövlət nümunəli sənədlə (sertifikatla) təltif olunacaqlar.

 

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilib.