“Bizim əsas hədəflərimizdən biri Azərbaycanın tarixi keçmişi, əzəli torpaqları ilə bağlı gənclərimizin maarifləndirilməsi, biliklərinin genişləndirilməsidir”.
 
Bu fikirləri  Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Qərbi Azərbaycan İcmasının inzibati binasında təşkil olunan  “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə keçirilən görüşdə söyləyib.
 
Aparat rəhbəri Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş strateji hədəfə istiqamətlənmiş belə bir mühüm tədbirin aktuallığından söz açıb: “Qərbi Azərbaycan ümummilli bir məsələdir. Bununla bağlı  bir sıra mühüm addımlar atılmaqdadır. Bu müstəvidə Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcması arasındakı uğurlu əməkdaşlıq bizi sevindirir. Bilirsiniz ki, bu təşəbbüsü  ötən il Naxçıvanda keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festivalında elm və təhsil naziri Emin Əmrullayev irəli sürmüşdü və Qərbi Azərbaycan İcmasının üzvləri, eyni zamanda digər iştirakçılar tərəfindən müsbət qarşılanmışdı. “Qərbi Azərbaycana qayıdış” olimpiadası birgə  əməkdaşlığımızın uğurlu nəticələrindən biridir”.