Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsi tərəfindən təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək ekspertlərin seçilməsi və təlimlərə cəlb olunması prosesi davam etdirilir. Bu məqsədlə 8-9 iyul tarixlərində Akkreditasiya Komissiyasına cəlb olunması nəzərdə tutulan ekspert-namizədləri üçün keçirilən təlimlərinin III modulu təşkil edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov akkreditasiya prosesi,  təhsil müəssisələrinin və təhsil proqramlarının  akkreditasiya qiymətləndirilməsi məqsədi ilə yaradılan ekspert bankının vacibliyini vurğulayıb. O, Ekpert bankına müvafiq səriştələri olan, bu işə öz töhfəsini verə biləcək peşəkarların cəlb edilməsində və  onlarla  əməkdaşlığın qurulmasıda maraqlı olduqlarını bildirib.  
 
Tural Əhmədov ekspertlərin ölkə təhsil müəssisələrində keyfiyyət təminatı mexanizminin inkişafında verəcəkləri töhfələr, həmçinin gələcəkdə ölkə sərhədlərindən kənarda beynəlxalq akkreditasiya prosesinə də cəlb edilə biləcəklərini təlim iştirakçılarının diqqətinə çatdırıb.
 
Təlimlərin III modulu simulyasiya əsasında təşkil edilir. Belə ki, əvvəlki modullarda əldə edilən nəzəri biliklər, III modulda təcrübə əsasında möhkəmləndirilir. İki gün davam edən simulyasiya təlimlərinə müxtəlif ali təhsil müəsissələrindən 24 ekspert–namizəd cəlb olunub. Təlimlərin ilk günü 14, ikinci günü isə 10 ekspert–namizəd şərti komissiya və ATM nümayəndələri rollarında çıxış ediblər. Namizədlərin qiymətləndirilməsi komandada işləmək, ünsiyyət, akademik yazı və təhlil bacarıqları kimi meyarlar əsasında aparılır.