Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Lənkəran Dövlət Universitetində (LDU)  olublar.

 

Nazirlik rəsmiləri universitetdə tədrisin təşkili vəziyyəti ilə əyani tanış olmaq üçün I saylı tədris korpusuna baş çəkiblər.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov son illərdə universitetdə tədrisin əyani və təcrübi istiqamətdə təşkili sahəsində görülən işlərlə bağlı məlumat verib,  ali məktəbdə yeni yaradılmış, Cənub bölgəsinə xas nadir bitki növləri, həmişəyaşıl ağac və kollar, çiçəklər yetişdirilən təsərrüfat sahəsi, tərəvəz bitkilərinin əkini üçün qurulmuş istixana ilə nazirlik rəsmilərini tanış edib. 

 

İ.İsayev və P.Yusifov xaricdən alınmış modern tipli avadanlıqlarla təmin olunan Baytarlıq cərrahiyəsi, Umumi baytarlıq, Qida təhlükəsizliyi və ekologiyası, Qida məhsullarının texnologiyası laboratoriyalarına baş çəkərək burada işin təşkili prosesini nəzərdən keçiriblər.

 

Turizm işinin təşkili və Qida məhsulları mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığını təmin etmək məqsədi ilə yaradılmış Turizm tədris mərkəzi – “Seside Otel”lə tanış olan nazirlik rəsmilərinə bildirilib ki, belə bir tədris bazası ölkənin ali məktəbləri içərisində ilkin olaraq LDU-da formalaşdırılıb və tələbələrə əlverişli təcrübə imkanları qazandırır.

 

Qonaqlara həmçinin, universitetin III saylı tədris korpusunda yerləşən  biologiya,  kimya, fizika  tədris laboratoriyaları, “Samsung”  şirkəti və “Nargiz”  Fondunun birgə təşkil etdiyi virtual  və “USAİD” kompüter laboratoriyaları, ali məktəbin müasir tipli tələbə yataqxanası ilə də tanışlıq imkanı yaradılıb.

 

LDU ilə əyani tanışlıqdan sonra nazirlik rəsmiləri universitet rəhbərliyinə bir sıra tövsiyə və tapşırıqlar veriblər.