Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində "Azərbaycan tarixşünaslığının inkişaf istiqamətləri" mövzusunda onlayn elmi seminar keçirilib. Universitetdən bildirilib ki, elmi seminarda Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov mövzu ətrafında məruzə ilə çıxış edib.

 

Məruzəçi Abbasqulu  Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsəri ilə əsası qoyulmuş Azərbaycan tarixşünaslıq elminin aktual məsələlərinə toxunub, tarixin müxtəlif dövrlərində,  müstəqil Azərbaycan xanlıqları, o cümlədən Qarabağ xanlığı ilə bağlı yazılan əsərlərin tarixşünaslıq baxımından bir çox məsələlərdə öz aktuallığını saxladığını qeyd edib.

 

Tarixi mənbə olaraq “Qarabağnamələr”in, “Kürəkçay” müqaviləsinin əhəmiyyətindən bəhs edilib. Sovet rəhbərliyinin dəstəyi ilə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının erməni tarixçilərinə növbəti dəfə bu bölgənin tarixini saxtalaşdırmaq üçün şərait yaratdığı xüsusi vurğulanıb.