Media nümayəndələri üçün onlayn təlim keçirilib


Fevralın 24-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib.

 

Media təmsilçiləri üçün onlayn təlimdə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək vurğulayıb ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, bu gün də bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirməkdədir. Uzun illər işğal altında qalan torpaqlarımız 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad edilib, tarixi ədalət bərpa olunub.

 

Eyni zamanda keçən il yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə çağırışlardan biri də pandemiya ilə əlaqədardır.

 

F.Qurbanov diqqətə çatdırıb ki, müasir dünyanın qloballaşması fenomeni bu gün təkcə iqtisadiyyat və biznesi deyil, həm də dünyanın, demək olar ki, bütün ölkələrinin siyasi, sosial sahələrini, o cümlədən təhsil sistemini də əhatə edir. Müasir dövr - bütün iqtisadi və sosial həyatın transformasiyası ilə xarakterizə olunur və bu şəraitdə informasiya ən böyük dəyərə malikdir. İnformasiya və kommunikasiya texnologiyalarının birləşməsi nəticəsində yaranan məlumatların emalı, toplanması və ötürülməsi proseslərinin geniş imkanları- qloballaşmanın əsas aspektidir. Bu texnologiyalar qloballaşma üçün bir növ bünövrədir, əsasən siyasi, iqtisadi və mədəni tendensiyaların yaranmasını və daha da inkişafını təmin edir.

 

Bu baxımdan informasiyanın vaxtında və düzgün şəkildə ictimaiyyətə çatdırılmasında medianın rolunun əvəzsiz olduğunu qeyd edən nazir müavini  təhsildə aparılan islahatlar barədə maarifləndirmə işində kütləvi informasiya vasitələri üzərinə olduqca mühüm vəzifələr düşdüyünü bildirib.

 

Ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması daim diqqət mərkəzindədir. Bu gün ölkəmizdə mətbuatın inkişafına yüksək diqqət göstərilir, ulu öndər Heydər Əliyevin azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

F.Qurbanov qeyd edib ki, məhz bunları nəzərə alaraq, bu gün Təhsil Nazirliyi media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi ilə birlikdə onlayn təlimə start verir.

 

Bildiyiniz kimi, Təhsil Nazirliyi media ilə sıx əməkdaşlıq şəraitində iş aparan dövlət qurumlarındandır. Bu onlayn təlim təhsildən yazan jurnalistlərin sosial media marketinqi və onun xüsusiyyətləri ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin kütləvi informasiya vasitələri ilə yanaşı, Sosial Media Marketinq kanallarında daha sürətlə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunub.

 

Media ilə işin qurulmasında mövcud çağırışlara uyğunlaşmağın və həll yollarının müəyyənləşdirilməsinin vacibliyinə diqqət çəkən nazir müavini vurğulayıb ki, gələcək hədəflərə doğru yol xəritəsini müəyyənləşdirmək üçün belə təlimlərdə iştirak etmək, ekspert mühazirələri ilə tanış olmaq hər zaman önəmli və aktualdır.

 

Sevindirici haldır ki, bügünkü təlimdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli çıxış edəcək,  sosial media barədə ətraflı məlumat verəcəklər.

 

Kommunikasiya yollarının səmərəli şəkildə işlənilməsi, sosial medianın imkanlarından effektiv şəkildə yararlanması, dezinformasiyaların qarşısının alınması, operativliyin artırılması baxımından bugünkü təlimi faydalı hesab edirəm.  Bu baxımdan dəyərli təlimçilərə və əziz iştirakçılara uğurlar arzulayıram.

 

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov öz çıxışında Təhsil Nazirliyinə media nümayəndələri üçün təşkil olunan maraqlı və faydalı təlimə görə təşəkkürünü bildirib, sosial medianın imkanlarının əhatəliliyinə diqqət edilməsini nəzərə çatdırıb.

 

Təlim “Sosial Media Marketinqi nədir?”,”Sosial Media Marketinqi kanalları və onların özəllikləri” və “PR və təhsil sahəsində Sosial Media Marketinqinin rolu” mövzularını əhatə edib. Təlimdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları Səyyarə Hüseynova, Səkinə Vəliyeva və Zəhra Məmmədli qeyd edilən mövzulara uyğun təqdimatlarla çıxış edərək sosial media barədə ətraflı məlumatı diqqətə çatdırıblar.

 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.