ADPU-nun Quba filialı daha böyük hədəflərə doğru


“Təhsil millətin gələcəyidir” - ulu öndər Heydər Əliyevin bu müdrik kəlamı təhsilin millət üçün necə böyük əhəmiyyətə malik olduğunun əyani sübutudur. Yəni, hər bir dövlətin inkişafı təhsildən keçir, təhsilin inkişafı isə milli şüurdan asılıdır. Təhsil çox mürəkkəb bir sistem olaraq həm də önəmli və həssas sahə olduğundan bilmək lazımdır ki, təhsil deyərkən təfəkkürümüzdə nəyi nəzərdə tuturuq. Ona görə də ilk olaraq o problemdən başlamaq lazımdır. Bəzən səhvən təhsillə tədrisi eyniləşdirirlər. Təhsil və tədris anlayışlarını qarışdırmamaq üçün fizikadakı kütlə və ağırlıq anlayışları ilə müqayisə etmək istərdim. Yanlış olaraq əksər vaxt kütlə ilə ağırlığı da eyni qəbul edirlər.

 

İlk bacarıq öyrənməkdir

 

Əslində isə kütlə cismin maddə miqdarının ölçüsüdür. Məsələn, bir parça metalın kütləsi o metal parçasını təşkil edən bütün atomların kütlələrinin cəminə bərabərdir. Ağırlıq isə həmin kütləni aşağı çəkən cazibə qüvvəsinin ölçüsüdür. Yəni, bir cismin kütləsi Marsda da Yerdə olduğu kimidir, lakin mühitin cazibəsindən asılı olaraq ağırlıqları fərqli olacaq. Eynilə təhsil anlayışı da dünyanın hər yerində eyni məna və eyni anlama malikdir. Lakin ölkələri təhsil göstəricilərinə görə bir-birindən kəskin fərqləndirən onların mükəmməl təhsil texnologiyalarına sahib olmalarıdır. Beləliklə, təhsil öyrəniləcək biliklərin məcmusu, tədris isə o bilik və bacarıqları özünə cəlb edib öyrənciyə ötürəcək vasitədir. Deməli, yüksək təhsil üçün ilk bacarıq öyrənməkdir.

 

Rəqabətqabiliyyətli universitet

 

Bəli, qeyd etməliyik ki, dünya vahid çərçivədə haşiyələnmədiyindən, təhsilin də hər hansı bir ümumi, vahid modeli mümkün deyildir. Hər bir ölkənin özünəməxsus milli təhsil sistemi vardır. Bütün ali təhsil müəssisələri həmin ölkənin təhsil siyasətinə uyğun olaraq bu və ya digər formada fəaliyyət göstərirlər. Azərbaycanda da həmçinin.  Universitetlərarası sağlam rəqabət mühitinin daha da mükəmməlləşdirilməsi müasir dövrün çağırışıdır ki, bu rəqabətdən sıyrılıb irəli çıxan ali məktəblər dünyanın reytinq göstəricili top universitetləri siyahısına düşə bilsin. Əminliklə söyləyə bilərəm ki, bu gün Azərbaycanda ali təhsil sahəsində olduqca fundamental işlər görülüb, görülür, inanıram ki, daha yaxşısı da görüləcək. Məsələn, Azərbaycan universitetlərinin istənilən birini götürüb 5 il öncəki forma və məzmunu ilə müqayisə aparsaq böyük fərq müşahidə edərik. Elə götürək Azərbaycan Dövlət Pedaqoji Universitetini. Son 5 ilin təhlili göstərir ki, 20 mindən çox tələbə kontingentinin təhsil aldığı universitetdə köklü islahatlar aparılaraq ölkə səviyyəsində rəqabətqabiliyyətli ali təhsil müəssisəsi quruldu. Son pandemiya şəraiti də daxil olmaqla universitetdə tədris texnologiyasının mükəmməlləşdirilməsi, maddi-texniki bazanın müasirləşdirilməsi, təlim-tərbiyənin yüksəldilməsi, proqram təminatının yenilənməsi, öyrənmənin öyrədilməsi, biliyin qiymətləndirilməsi kimi vacib işlər müsbət dinamika üzrə inkişaf etdirilir. Ölkənin müəllim kadrlara olan ehtiyacının böyük hissəsini qarşılayan Pedaqoji Universitetin nüfuzu artdıqca, adekvat olaraq müəllimin də hörməti artmış oldu. Böyük əmək və zəhmət hesabına qazanılmış ölkədaxili uğurlardan sonra universitetin dünya təhsil sisteminə inteqrasiyası baş tutdu. Belə ki, keçən il ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalandı. Dünya universitetlərinin akademik sıralama cədvəlində önəmli yerdə qərarlaşan Corc Vaşinqton Universiteti ilə imzalanan sazişə əsasən magistr hazırlığı üzrə təhsilin idarəedilməsi sahəsində Azərbaycan üçün yeni nəsil mütəxəssislər yetişdiriləcək. Bu halda dünya təhsil sisteminə inteqrasiya etmiş bizim universitetlərin adlarına dünya universitetlərinin akademik sıralama cədvəlində də rast gəlinəcək.

 

Təbii ki, təhsilin inkişafı dedikdə, təkcə paytaxtdakı ali məktəblərimiz deyil, bölgələrdə fəaliyyət göstərən universitet və universitet filiallarının inkişafı da nəzərə alınır. Azərbaycanın bölgələrində tarixi ənənələrə malik 10 universitet və 8 universitet filialı fəaliyyət göstərir. Bəzi ölkələrin təcrübəsinə əsaslanaraq demək olar ki, dünya universitetlərinin akademik sıralama cədvəlində öndə qərarlaşan ali məktəblərin böyük əksəriyyəti regionları təmsil edir.

 

Bu gün bəşəriyyət üçüncü sənaye inqilabı üzərindən sürətli keçid edərək rəqəmsal inqilab sayılan dördüncü sənaye inqilabı dövrünü yaşayır. Eksonensial şəkildə baş verən dördüncü sənaye inqilabı isə özünün sərt və radikal tələblərinə cavab verməyən ölkələrin sənaye infrastrukturlarını vurub sıradan çıxarır. Bunun qarşısını almaq üçün isə hər bir ölkə öz təhsil modelini modernləşdirmək zərurəti ilə qarşılaşır. Bunun üçün region ali təhsil müəssisələrinin inkişafına daha çox önəm verilməsi zərurətə çevrilir.

 

Regionun inkişafında ali təhsilin rolu

 

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi, vəzifələri və icrasının prioritet istiqamətləri olaraq regionlarda təhsilin səviyyəsinin yaxşılaşdırılması yönündə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi məsələləri də öz əksini tapmışdır. Bu yöndə artıq bir çox layihələrin də icrasına başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dünya üzrə artan rəqabətə davam gətirə bilmək üçün XXI əsrin tələblərinə uyğun təhsil modelinin qurulmasından bəhs edilir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün, həmçinin region ali təhsil müəssisələri də beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlı olmalıdır.

 

Region universitetlərinin nüfuzunun qaldırılması təbii formada - tələblər əsasında olmalıdır. Çünki dünyanın inkişaf etmiş ölkələrində region universitetləri getdikcə daha çox inkişaf üçün katalizator kimi qəbul olunur. Yəni, region universitetləri yalnız təhsil, tədris və elmi-tədqiqat işləri ilə deyil, həm də regionda iqtisadi, sosial və mədəni mühitin inkişafında fəal rol oynayır. Universitetlərin regional inkişafa verdikləri töhfənin xüsusiyyətləri araşdırılaraq onların bölgənin inkişafındakı rolunu təhlil etmək lazımdır. Tədqiqat və bilik yönümlü ali təhsil müəssisələri getdikcə daha çox təhsil verməklə yanaşı bölgələrin iqtisadi, sosial və mədəni inkişafında da aktiv rol oynamalı, əmək bazarı, məşğulluq sahəsinə töhfələr verməlidir. Region ali təhsil müəssisələri bu işləri yerinə yetirərkən bölgənin ekoloji, coğrafi, etnik, iqtisadi, tarixi və sosial həssaslıqlarını belə nəzərə almalıdır. Həmçinin regional universitetlər dövlət siyasətinin bölgələrdə düzgün yönləndirilməsi üçün ən etibarlı yerli inteqratoru kimi çıxış etməlidirlər. Həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil sahəsindəki tədqiqatları göstərir ki, ali təhsil müəssisələrinin ənənəvi funksiyalarından əlavə üçüncü missiyası kimi yerləşdikləri regionun iqtisadi, sosial və mədəni inkişafına yardımçı olmalıdırlar.

 

“Regionlarda ali təhsilin inkişafı üzrə Strateji yol xəritəsi”nin hazırlanması  hesab edirəm ki, səmərəli olacaq. Bu sənədin hazırlanması ilə Azərbaycanın iqtisadi rayonlaşmasına uyğun olaraq təhsil-sənaye-iqtisadiyyat klasterləri yaradılacaq.

 

Şimal bölgəsinin yeganə ali məktəbi

 

Quba-Xaçmaz iqtisadi rayonunda ADPU-nun Quba filialı mövcuddur. Şimal bölgəsində fəaliyyət göstərən yeganə ali təhsil ocağının zəngin tarixi keçmişi vardır. Belə ki, filial 1942-1953-cü illərdə fəaliyyət göstərmiş Quba Dövlət Müəllimlər İnstitutunun varisi hesab olunur. 1991-ci ildə İncəsənət Universitetinin filialı olaraq yaradılan, 2015-ci ildə ADPU-ya birləşdirilən Quba filialında 6 ixtisas üzrə təhsil alan 845 tələbəyə 150 nəfər professor-müəllim və inzibati heyət xidmət göstərir. Filialda ölkənin 29 rayonundan tələbə təhsil alır ki, bu da region üçün önəmli göstəricidir. Son illər ərzində filialda həyata keçirilən əsaslı yeniliklər həm təhsilin, həm təlim-tərbiyənin inkişafına, həm də filialın ümumi nüfuzunun artmasına səbəb olmuşdur. Statistik göstəriciləri təhlil etdikcə qarşılaşdığımız real mənzərə onu deməyə əsas verir ki, filial hazırda strateji hədəflərə doğru irəliləyir. Həmçinin bölgənin əmək bazarını təftiş edərkən ehtiyac duyulan kadrların hazırlanması üçün yeni ixtisasların yaradılmasına böyük zərurət yarandığından 2021/2022-ci tədris ili üçün əlavə olaraq üç ixtisas üzrə qəbul planı sifariş edərək illik planını 50% artırmışıq. Həmçinin Şimal bölgəsinin turizm imkanlarının genişliyini və bölgədə fəaliyyət göstərən turistik məkanların peşəkar ixtisaslı kadrlara ehtiyacını nəzərə alaraq filialda yeni turizm, otelçilik, bələdçilik və tərcüməçilik ixtisaslarının açılmasına da böyük zərurət vardır. Filialın inkişaf istiqamətləri şaxələndikcə maddi-texniki bazası daha da zənginləşir, yeni ixtisasların açılmasına zərurət yaranır ki, bununla da yeni stukturların yaradılması qaçılmaz olur. Təbii ki, mümkün qədər kadr təyinatlarını yerli kadrların potensialından istifadə edərək həyata keçirməyə çalışılır. Belə ki, ADPU-nun Quba filialında 18 nəfər fəlsəfə doktoru, 2 nəfər elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturada təhsil alırlar ki, onların da böyük əksəriyyəti dissertasiya işlərini tamamlayıb, müdafiə üçün tələb olunan şərtləri yerinə yetiriblər.

 

Həmçinin bölgədəki multikultural və tolerantlıq dəyərlərinin daha geniş şəkildə yayılmasını, etnik və dini rəngarəngliyi nəzərə alaraq filialda “Multikulturalizm” mərkəzinin yaradılması və Şimal bölgəsinin maddi-mədəniyyət nümunələrinin beynəlxalq səviyyədə təbliğ edilməsi də planlaşdırılıb.

 

Hər il filiala qəbul olan tələbələrin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərində də irəliləyişlər müşahidə olunur. Belə ki, 500-dən artıq bal toplayaraq Quba filialını seçən tələbələrin sayı əvvəlki illərə nisbətən çox artmışdır. Filialda 845 tələbədən 162 tələbə dövlət təqaüdü, 93 tələbə əlavə təqaüd, 12 tələbə “Gələcəyin müəllimi” məqsədli təqaüdü alır. Həmçinin bu təqaüdlərlə yanaşı Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına ali adlı təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilmişdir ki, tələbələrin təhsildə fərqlənmələri üçün stimul yaratmışdır. Filialda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən biri kimi fənn olimpiadalarının keçirilməsini misal göstərmək olar.  Təhsilini başa vurub magistratura pilləsinə qəbul olan tələbələrin sayı keçən il 10 nəfər olmuşdur ki, bu da filial tarixində ilk rekord idi. Bundan başqa, MİQ imtahanlarında onlarca məzunumuz 50-dən yüksək bal toplayaraq müəllim adını qazanmışdır. Artıq filialda “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə magistr hazırlığını həyata keçirmək üçün kadr potensialına malik qüvvə mövcuddur. Əslində perspektiv planlar sistemli şəkildə filialın “Strateji İnkişaf Planı”nda və ondan doğan “Qısa, orta, uzunmüddətli inkişaf hədəfləri” adlı sənəddə incəliklə qeyd edilmişdir. Artıq bir çox işlərimizi müvafiq sənədə istinadən icra edərək daha böyük hədəflərimiz uğrunda çalışırıq.

 

Bütün bu qeyd edilənlərə əsaslanaraq deyə bilərəm ki, ADPU ailəsinin bir hissəsi olan Quba filialı gələcəkdə müstəqil universitet statusunu qazanmaq üçün böyük hədəflərinə doğru inamla addımlayır.

 

Norveçin Arktika Universitetinin təhsil araşdırmaçısı Peter Arbo region ali məktəblərinin regionun inkişafındakı rolunu, önəmini akademik səviyyədə araşdırıb təhlil edərkən göstərir ki, ali təhsil regional inkişaf üçün bir “toxum yatağı”, “çoxalma zəmini”, “yumurtlama yeri”, “katalizator” deməkdir. Bu anlayışlar cücərdikdən sonra çiçək açır və istənilən yaxşı nə varsa, onunla birləşdirmək olur ki, bu da yenilik və canlanma üçün münbit şərait yaradır. Arbonun fikirlərinin qüvvəti olaraq demək olar ki, region ali təhsil müəssisələrinin inkişafına hər birimiz sorumlu olmalıyıq ki, qeyd edilən toxum cücərib çiçək açsın və sonda onu daha yaxşı tərəflərlə birləşdirmək imkanlarımız olsun.

 

Yusif ALIYEV,

ADPU-nun Quba filialının direktoru, dosent