Əminə Ağayeva: “Yurdumuzun coğrafiyasını öyrədə-öyrədə onlarda Vətənə sevgilərini artırıram”


Ağayeva Əminə Bəxtiyar qızı. Akademik biliyi, kreativ düşüncəsi, pedaqoji ustalığı ilə seçilən bu müəllim həm də təvazökar, humanist və həssas bir insan kimi işlədiyi kollektivin sevgisini qazana bilib. Pedaqoji fəaliyyətində uğurlar ard-arda onu izləyir. 2020-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirən Əminə Ağayeva elə həmin ildə əmək fəaliyyətinə E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə başlayıb.

 

- Əminə müəllim, işlədiyiniz müddətdə yadınızda qalan ilk  nailiyyətləriniz  hansılar olub?

- Şagirdlərimlə birlikdə  Sülh korpusunun layihələrində iştirak etmişəm. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Bir günəşin zərrəsiyik” Beynəlxalq Şagird Konfranslarında şagirdim Əhmədli Nihad Fəraiz oğlu “Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda məruzəsi ilə qatılıb. Nəticədə uğur qazanıb.

 

Sonra “Qlobal çağırış” beynəlxalq müsabiqəsində şagirdim Toğrul Qasımovun “Hər kəsə təmiz içməli su” mövzusunda yazdığı inşa yazısı II yerə layiq görülüb.

 

- Coğrafiya müəllimi kmi şagirdlərinizə bu fənni  necə sevdirə bilibsiniz?

- İlk gündən şagirdlərimə ölkəmizin havasına, suyuna, torpağına, təbii sərvətlərinə, eləcə də ekoloji problemlərinə hamımızın ortaq olduğumuzu və planetimizin coğrafiyasını öyrənməyin vacibliyindən söhbət açmışam. Bu öyrənmə prosesi şagirdlərə intellektual zövq verib.

 

Bu gün dərslərimdə şagirdlərimə yer üzünün sakini olmağın qüruru ilə yanaşı, onun məsuliyyətini paylaşmağı  öyrədir və yurdumuzun coğrafiyasını öyrədə-öyrədə onların doğma Vətənə sevgilərini  artırıram.

 

- Şagirdləriniz coğrafiya fənnindən respublika fənn olimpiadalarında uğur qazanıbmı?

- Doğrusu, zəhmətim  hədər getməyib. 2019-cu ildə  yetirməm IX sinif şagirdi Şıxməmmədli Aytən Telman qızı respublika fənn olimpiadasında II yeri qazanaraq gümüş medala layiq görülüb. 2020-ci ildə XI sinif şagirdi Salehova Aytən Vüqar qızı və IX sinif şagirdi Namazova Lamiyə Mübariz qızı respublika fənn olimpiadasında coğrafiya fənni üzrə II yeri tutaraq gümüş medal qazanıblar.

 

Lamiyə Namazova  Avropa Coğrafiya Olimpiadasında ölkəmizi təmsil edib.

 

Rəhbərliyim altında  bu il X sinif şagirdi Süleymanzadə Səyid Süleyman oğlu “Sabahın alımləri” respublika müsabiqəsinin finalına çıxıb.

 

- Bəs sinif rəhbəri olduğunuz sinifdə şagirdləriniz məktəbin ictimai işlərində necə iştirak edir?

- Rəhbərlik etdiyim XI “b” sinif şagirdləri məktəbimizin bütün işlərində fəal iştirak edirlər. Onlar Vətən müharibəsi zamanı ordumuzun əsgər və zabitlərinə sevgilərini, onlarla həmrəy olduqlarını cəbhə bölgəsinə gedərək apardıqları sovqatları ilə ifadə ediblər.

 

- Əminə xanım, bu məqamda bir sual yaranır. Vətənpərvərlik sizin üçün nə deməkdir?

- Şagirdlərimiz bilməlidirlər ki, vətənpərvərlik hamımız üçün ən ülvi hiss, doğma yurda olan sonsuz sevgi və el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu, təkcə sözdə deyil, əməldə də olmalıdır. Vətənpərvərlik ilahi bir sevgidir, hər kəsə nəsib olmur. Mübariz, Fərid, Murad, Samid, Çingiz kimi oğullarımız canlarını Vətən yolunda qurban verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Şəhidlər xiyabanında gecə-gündüz alovlanan məşəl də vətənpərvərliyə bir çağırışdır. Şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək biz müəllimlərin əsas vəzifəsidir.

 

Şakir CƏFƏROV