Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində təhsil alan bir qrup mingəçevirli tələbə və magistrantla görüş keçirilib.

 

BDU-nun hüquq fakültəsinin dekanı Əmir Əliyev tədbirin MDU-nun təşəbbüsü ilə keçirildiyini bildirib və son dövrlərdə iki universitet arasında davamlı inkişaf edən əməkdaşlıqdan danışıb.

 

Hüquq fakültəsi tələbələri ilə belə bir tərkibdə görüşün ilk dəfə keçirildiyini vurğulayan Ə.Əliyev tanışlıq məqsədi daşıyan tədbirin gələcək məzunların akademik sahədə peşəkar fəaliyyəti baxımından əhəmiyyətini diqqətə çatdırıb.

 

MDU-nun rektoru Şahin Bayramov ölkə başçısı tərəfindən ali təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. O, yeni dövrün universitetinə çevrilmək yolunda sürətlə irəliləyən MDU-nun Mingəçevir şəhərinin və ətraf regionun hərtərəfli inkişafına töhfə verməyə çalışdığını bildirib. Qarşıya qoyulan hədəflərə çatmaq üçün BDU və digər qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmini vurğulayan rektor təmsil etdiyi universitetin kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən də danışıb.

 

Tədbirdə çıxış edən tələbə və magistrantlar səmimi keçən görüşdən razı qaldıqlarını və təklif olunan imkanlardan faydalanmağa çalışacaqlarını qeyd ediblər.