Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

AzTU-dan bildirilib ki, akademiya rəisinin birinci müavini, polkovnik-leytenant  Qəzənfər Bağırov ali təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Bildirib ki, akademiya Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada həm respublikanın, həm də xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini deyən Q.Bağırov AzTU kimi çoxillik təcrübəyə malik elm və təhsil ocağı ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını qeyd edib.

 

Məlumat verilib ki, akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunub. Fənn kabinetləri, auditoriyalar və laboratoriyalar hər cür zəruri avadanlıqlarla təchiz edilib, xilasetmə, tibbi hazırlıq, dalğıc, alpinist hazırlığı və digər sahələr üzrə xüsusi tədris kabinetləri, elektronika, elektrotexnika, materialşünaslıq, kimya, informatika və s. fənn laboratoriyaları fəaliyyət göstərir. Bütün bunlar tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar açır.

 

Sonra akademiyanın fənn kabinetləri,  zəngin kitabxanası, maddi-texniki bazası ilə, eyni zamanda Heydər Əliyev Mərkəzi və tədris ocağının 10 illik fəaliyyətini əks etdirən muzeylə tanışlıq olub.

 

Sonda hər iki ali təhsil müəssisəsi arasında elm və təhsil sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.