Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin vebinarında təqdimatla çıxış edib


“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin təqdimatında vebinar təşkil edib.  Vebinarda Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Uğurlu karyera və xoşbəxt insan tənliyinin gender aspektləri” mövzusunda təqdimatla çıxış edib.

 

DİM-dən bildirilib ki, “Yüksəliş” müsabiqəsinin idarəçi rəhbərləri sırasında yer alan DİM Direktorlar Şurasının sədri yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb. M.Abbaszadə DİM-in müsabiqənin imtahanlarının təşkili prosesində tərəfdaş qurumlardan biri olmasından, ölkəmizdə peşəkar idarəçi kadrların seçilməsində yaxından iştirak etməsindən məmnunluğunu ifadə edib.

 

DİM Direktorlar Şurasının sədri təhsil, karyera imkanlarına görə ölkəmizdə gender bərabərliyinin mövcud olması, qanunlarımızda da bu məsələ ilə bağlı məhdudiyyətlərin olmadığını bildirib. Bəzən reallıqda bu qaydalara riayət edilmədiyini, qadınların karyera pillərində çətinliklərlə, qeyri-sağlam rəqabətlə üzləşdiklərini, bu tendensiyanın nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada hökm sürdüyünü vurğulayıb.

 

M.Abbaszadə, həmçinin bildirib ki, 20 ildən çox müddətdə təhsil sahəsindəki araşdırmalarına əsasən, ümumilikdə ölkə üzrə qadınların təhsil göstəricilərində, uğurlarında kişilərlə bərabərlik mövcuddur; Bölgələr üzrə isə bu nəticələrdə müəyyən fərqlər var. Sədr qeyd edib ki, müsabiqənin əyani mərhələsində yüksək nəticə əldə edən ilk yüzlüyün içərisində qadın iştirakçıların nəticələrini qənaətbəxş hesab etmək olar.

 

M.Abbaszadə iştirakçılara tövsiyələrində bildirib ki, karyera seçimlərində, iş prinsiplərində qərarlı olsunlar, özlərinə, biliklərinə güvənsinlər, bacarıqları üzərində daim çalışsınlar:”Öz işini dərindən bilmək, öyrənmək çox vacibdir, bunlar insanı həm də xoşbəxt edən amillərdəndir”.

 

Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.

 

İştirakçılarla qarşılıqlı müzakirə formatında aparılan vebinarda, həmçinin onların sualları cavablandırılıb.

 

Məlumat üçün bildirək ki,  müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir.

 

Hazırda “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.