Məlumdur ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası və digər regional, beynəlxalq layihələr ötən müddət ərzində dünya miqyasında etibarlı tərəfdaş kimi Azərbaycanın mövqeyini gücləndirib. Azərbaycanın iştirakı olmadan bölgədə irimiqyaslı layihələrin reallaşdırılması mümkün deyildir. Bu, son illərdə ölkəmizə siyası, iqtisadi dividendlər qazandırıb.

 

Prezident İlham Əliyev YAP-ın  VII qurultayında məhz bu məqamdan çıxış edərək doğru və maraqlı bir fikir söylədi:”Azərbaycan yeni reallıqlar yaradan ölkədir. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı”.

 

Ölkəmizin təşəbbüskarı olduğu bu layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla birlikdə icra edən ölkələrin sayı artmaqdadır. Bu isə hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir: “Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb”.

 

Prezidentin bu fikirləri hər birimizdə qürur yaradan nüanslardır. Hər birimiz Azərbaycanı məhz belə güclü görmək istəmişik və Heydər Əliyevlə başlayan, Prezident İlham Əliyevlə davam edən bu inkişaf siyasəti nəticəsində Azərbaycanı həqiqətən regionun güclü dövləti kimi görürük. Dünya da görür və     Azərbaycanla hesablaşır.