Son illər iqtisadi və siyasi sahələrdə bir sıra islahatlar həyata keçirilib. Bu islahatlar günün, zamanın tələbi kimi meydana çıxıb və cəmiyyət tərəfindən dəstəklənib.

 

Kadr islahatları bunlardan biridir. Bilirik ki, artıq idarəetməyə enerjili, müasir təfəkkürlü, yüksək təhsilli, innovativ texnologiyalarla işləməyi bacaran kadrlar cəlb olunub. Azərbaycanda kadr potensialını inkişaf etdirmək, intellektual səviyyəsi və idarəçilik keyfiyyəti yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə Prezidentin Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis olunub. Artıq bu layihə üzrə uğurlu fəaliyyət mövcuddur, imtahanlar keçirilir, qabiliyyətli, istedadlı gənclər seçilir. Bu, o deməkdir ki,  müsabiqə dövlət işlərində çalışmaq istəyən gənclər üçün gözəl bir stimul yaradıb.  

 

Bundan başqa, siyasi partiyalarla aparılan dialoq, əməkdaşlıq müzakirələri siyasi islahatların tərkib hissəsidir və demokratik inkişafa xidmət edən addımlardan sayıla bilər. Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi təşkilatlar iqtidarla əməkdaşlığa normal yanaşıb və maraqlı olduqlarını açıq ifadə ediblər. Bu günlərdə bir neçə siyasi təşkilat Yeni Azərbaycan Partiyasına birləşmək barədə müraciət edib və onların istəyi təmin olunub. Elə bu faktın özü də Azərbaycandakı islahatların faydalı və uğurlu cəhətlərini ortaya qoyur.

 

İslahatlar sözsüz ki, hər zaman lazımdır və Prezident İlham Əliyev də hakim partiyanın VII qurultayında islahatların davamlı aparılması məsələsi üzərinə vurğu salıb:”İslahatlar davamlı olaraq aparılacaqdır. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır...”.

 

Dövlət başçısının qeyd etdiyi parlament seçkiləri məsələsini də biz ölkədəki islahatların tərkib hissəsi kimi qiymətləndirə bilərik. Çünki ötən il keçirilən parlament seşkilərində Prezident İlham Əliyev gənclərə üzünü tutub onları seçkilərdə namizəd olmağa dəvət etdi və bu müraciət öz potensialını qiymətləndirmək istəyən çox sayda insana seçki marafonuna qatılmağa həvəs yaratdı. Onların içərisindən böyük səs çoxluğu ilə millət vəkili mandatı qazananlar oldu. Seçilməyən bir qrup üçünsə bu seçkilər təcrübə qazanmaq şansı yaratdı.

 

“Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq.”

 

Dövlət başçısının nitqindən təqdim etdiyimiz bu məqam cəmiyyətimizdə güclü inam yaradır ki, Qarabağ məsələsini həll edən hazırki hakimiyyət digər sahələrdə hansısa problemlər varsa, onları da aradan qaldırmağa qadirdir və qaldıracaq.