Müharibə vasitələrinə malik olmayan, müharibəni öyrənməyən dövlət işğalçı tərəfindən  sona kimi əzilər, məhv olub yoxa çıxar. Bu, bir gerçəkdir!

 

Biz müharibə aparmağı öyrəndik, ona görə ki, Qarabağ tarixi torpaqlarımız idi, onu bir gün düşmənin əlindən almalıydıq. Buna haqqımız çatırdı və Prezident İlham Əliyevin dediyi kimi, mənəvi üstünlük Azərbaycanın tərəfində idi:” Mənəvi amil Azərbaycanın qələbəsində həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq-, erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxu hesab edirdi ki, bizim torpaqlarımızı zəbt etməkdə haqlıdırlar-, həm də ona görə ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması”.

 

Müharibə bitib, amma həmin vaxtlarda Azərbaycanın üzləşdiyi beynəlxalq təzyiqlər, xarici jurnalistlərin qərəzli sualları bu gün də beynimizdə təkrar-təkrar dolaşır. Niyə bu müharibəyə haqqımız çatdığı halda, beynəlxalq media qərəzli yazılar yazırdı?! Bəzi dövlətlər Azərbaycanın tarixini, coğrafiyasını bilmədən ermənipərəst mövqe nümayiş etdirirdilər.

 

Bəs digərləri? Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bilsələr də, erməni təəssübkeşliyi prizmasından yanaşırdılar.

 

Yalnız dost dövlətlər bu məsələnin Azərbaycanın haqlı savaşı olduğunu qəbul edir, dəstək verirdilər. Nə yaxşı ki, xarici jurnalistlər içərisində ədaləti görə bilənlər də var idi və sona kimi Azərbaycanın mövqeyini müdafiə etdilər.

 

Azərbaycan Ermənistandan fərqli olaraq bu müharibədə işğalçı rolunda deyildi, torpaqlarının xilasedicisi missiyasında çıxış edirdi. Ona görə də dövlət rəhbəri heç bir beynəlxalq təzyiq qarşısından geri çəkilmirdi. Düşmən Gəncəni, Bərdəni, Tərtəri ağır silah növləri ilə atəşə tutanda da, Azərbaycan özünün ədalətli, humanist simasını qoruyub saxlayır, dinc erməni sakinlərə təhlükə yaratmaqdan qaçır, beynəlxalq aləmin əlinə irad, tənqid üçün heç bir əsas vermirdi. Ölkəmiz burada da mənəvi üstünlük qazanırdı.

 

Dünyanın həqiqəti görməsi, erməni vəhşiliyinə şahid olması üçün bütün təbliğat rıçaqları işə salınmışdı. Xarici ölkə səfirlərinin  Gəncə və Bərdəyə erməni  terrorunun nəticələrini görmələri üçün səfərləri təşkil edilirdi. İşğaldan qurtarılan, dağıdılmış, viran qoyulmuş ərazilərə beynəlxalq müşahidəçilər, xarici qonaqlar aparılır, maddi-mədəniyyət abidələrimizə necə bir vandallıq olduğu onlara birbaşa göstərilirdi ki, Azərbaycanın bu savaşa mənəvi haqqı çatması ilə beynəlxalq aləm nəhayət ki, razılaşsın!  

 

Dövlət başçısı sayı-hesabı bilinməyən müsahibələri ona görə verirdi ki, dünyanın gözü əsl gerçəyə açıq olsun! Ermənistan terror əməllərindən çəkindirilsin. Ermənistana heç bir mənəvi-siyasi dəstək göstərilməsin, çünki o, təcavüzkar dövlət kimi çıxış edir.           

 

Mənəvi üstünlük ölkəmizdə olmasaydı, biz informasiya savaşını da uğurlu apara bilməzdik. Amma biz bu savaşda da səfərbər olduq və haqlı olduğumuzu durmadan bəyan etdik.    

 

“Tarixi ədalət bərpa olundu. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”-deyən Prezident İlham Əliyev müharibə başlayan andan  öz ölkəsinin insanlarına  və dünya ictimaiyyətinin diqqətinə bu mesayı konkret vermişdi-tarixi ədalət bərpa olunmalıdır!  

 

Tarixi ədalət masalarda yox, hərb meydanında bizim dişimiz, dırnağımızla qazanıldı.   Azərbaycan düşmənin “Böyük Ermənistan”  xəyallarını öldürdü.

 

İlham Əliyev öz ölkəsinin sərhədlərini haqsızlıqdan qurtardı! Xalq və  dövlət bir yumruq olub Qarabağı terrorçulardan təmizlədi.