Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

 

Rektor  Azərbaycanın haqlı mövqeyinin Pakistan tərəfindən hər zaman dəstəkləndiyini, Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olduğunu vurğulayıb.

 

O, ölkələrimiz arasında mədəni, iqtisadi, təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu bildirib və bu istiqamətdə görülən işlərdən  söz açıb. İki ölkə arasında mövcud əlaqələrdən bəhs edən E.Qasımov təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq qeyd edib.

 

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış şanlı  Zəfər ərəfəsində Azərbaycanda səfir kimi fəaliyyət göstərməyindən məmnunluğunu ifadə edib. “Azərbaycanın çətin günlərində Pakistan əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq. İki ölkə arasında ikitərəfli münasibətlər hər gün daha da inkişaf edir və biz təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq. Tədrisin keyfiyyətinə, nüfuzuna və reytinq göstəricilərinə, üstəlik yüksək ballı, rəqabətə davamlı tələbələrin sayına görə öndə olan Bakı Ali Neft Məktəbi ilə birgə mütəxəssis hazırlığına məmnun olarıq. Pakistanda 30-dan çox mühəndislik üzrə ali təhsil müəsissəsi fəaliyyət göstərir. Sizin Ali Məktəbdəki maddi-texniki təminat, tədris mühiti, əməkdaşların peşəkarlığı məni heyran etdi.  BANM-in qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirirəm” – deyə səfir qeyd edib.

 

Görüşdə Bakı Ali Neft Məktəbi ilə Pakistan universitetləri arasında təcrübə mübadiləsi, tədqiqat işləri üzrə əməkdaşlıq, birgə təlimlərin təşkili, Pakistan Mühəndislik Şurasına akkerditasiya məsələləri də müzakirə olunub.

 

Daha sonra qonaqlar Ali Məktəbin kampusu və burada yaradılan şəraitlə tanış olublar.