İlham ƏLİYEV, Ali Baş Komandan: “Vətən müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir”


30 ilə yaxın davam edən işğala 44 gündə son qoyuldu. “Həlli yoxdur”  - deyilən Qarabağ münaqişəsi həllini tapdı.   Noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atandan və sülh əldə olunandan sonra Prezident İlham Əliyev xalqa müraciətində vurğulayırdı: “Məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı, yoxdursa, onda bunu sülh yolu ilə həll edin... Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə?”

 

Münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyünə inandırmağa çalışanlara bunun üçün 30 ilə yaxın vaxt verildi. Bu müddət ərzində Azərbaycan dünyanı əzəli torpaqlarını güzəştə getməyəcəyinə inandırdı.

 

Azərbaycan bir tərəfdən diplomatik danışıqları davam etdirib, digər tərəfdən silahlandı, Ordu quruculuğuna böyük vəsait ayırdı. Yəni, uzun illərdir ki, Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin birinci yerdə olması təsadüf deyildi. Nəticə göz qabağındadır.

 

Azərbaycan silahlanır

 

Azərbaycanda nizami ordunun yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdırsa, möhkəmlənməsi Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Qarabağ meydanında düşmən qarşısına ən müasir silahı, güclü psixoloji keyfiyyəti ilə çıxardığımız ordu uzun  illərin hazırlığı, bu sahəyə verilən öncəliyin nəticəsidir. “21-ci əsrdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsini 3-5 dəfə üstələyib; bəzi illərdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox olub” - Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun baş elmi işçisi Vasili Kaşin belə deyir. O, mətbuata müsahibəsində Ermənistanla Azərbaycanın silahlanma strategiyasını müqayisə edir: “Azərbaycanın silahlanmaya sərf etdiyi xərclər və planlaşdırma işi daha məqsədyönlü idi”.

 

Döyüşən Azərbaycan

 

Beləliklə, Azərbaycan bu müharibəyə məqsədyönlü şəkildə hazırlaşdı. Üstəlik, sadəcə silahlanaraq yox, həm də döyüş qabiliyyətini, fiziki hazırlığını, psixoloji keyfiyyətlərini artıraraq. Nəhayət, o gün gəldi. Ermənistanın siyasi və hərbi təhrikləri Azərbaycanı qəti addım atmağa sövq etdi. Məqsəd bir, hədəf qəti idi: torpaqlar işğaldan azad edilməli, ölkənin ərazi bütövlüyü təmin olunmalıydı. Prezident İlham Əliyev ordunun qarşısına qoyulan hədəfə nail olduğunu dünya mediası qarşısında da bəyan etdi:”Müzəffər ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq”.

 

Qarşıda duran vəzifənin öhdəsindən gəlməkdə və qısa müddətdə hədəfə çatmaqda strateji planlaşdırma və peşəkar komandanlıq  çox böyük rol oynadı. Ali Baş Komandan gündəlik döyüş planını sərkərdələri ilə müzakirə etdi, başa çatan günün nəticələrini təhlil edib, yeni günün planını qurdu. “Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Planlaşdırma düzgün olmasaydı, qələbənin əldə olunması çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə, təbii relyef də çətinlik törədir. Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır”, - deyən Prezident İlham Əliyevin fikrincə, bu müharibə Azərbaycan Ordusuna yeni təcrübə qazandırıb: “Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub, amma onlar həll edilib”.

 

Çatışmazlıqlar həll edildi və müharibə uğurla başa çatdı. Azərbaycan Prezidenti dünya mətbuatının qarşısında qalib baş sərkərdə və dövlət başçısı olaraq qələbənin necə qazanıldığını açıqladı: “Vətən müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir. Vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması mümkünsüz olardı. Bütün elementlərin düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları - qələbəyə gətirib çıxarıb”.

 

Qəhrəman əsgər

 

Prezidentin ifadəsi ilə desək,Qarabağ müharibəsi bütün elementlərin düzgün kombinasiyası deməkdir. Bu kombinasiyanın mərkəzində isə qəhrəman Azərbaycan əsgəri mövqe tutub. Savaşın əsas qəhrəmanı odur, nizami Azərbaycan Ordusu və onun əsgəridi. Qələbə məhz onların - qəhrəman oğulların qanıyla yazdığı qürur hekayəsidir. Bu qədər mürəkkəb hərbi əməliyyatlar icra edə biləcəyini və  irəliləyəcəyini düşünməyən müşahidəçilər üçün Azərbaycan Ordusu meydana uğurlu nəticələrlə çıxdı.

 

Ordumuz müşahidəçilərdən, dünyadan əvvəl düşmənini təəccübləndirdi. Sadəcə təəccübləndirmədi, onun qorxulu yuxusuna çevrildi.Bunu Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçünün “YerevanToday” kanalında yayılan xatirələrindən daha aydın görmək olar: “Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi. 3-4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20-30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar...  Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq”.

 

Düşmənin etirafından da göründüyü kimi, onlar hələ uzun  müddət özlərinə gələ bilməyəcəklər. Onlar qaçmağa məhkum idi. Çünki qarşılarında ürəyində torpaq həsrəti, düşüncəsində konkret hədəfi olan Azərbaycan Ordusunun yüksək hazırlıqlı döyüşçüləri vardı. Prezident İlham Əliyevin fikrincə, peşəkarlıq olmadan qələbə mümkün olmazdı: “Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirib. Silahdan istifadə etmə məharəti və inanılmaz fiziki qüvvə böyük hazırlıq tələb edir. Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətlərini yarmaq peşəkarlıq olmadan  qeyri-mümkündür”.

 

Xüsusi təyinatlıların düşmənin canına vəlvələ salan qəhrəmanlığı xalqın da onlara qarşı xüsusi rəğbət hissini gücləndirib. Lakin bu da bir həqiqətdir ki, əldə olunmuş böyük qələbədə bütün qoşun növlərinin öz payı var.Döyüş əməliyyatlarında Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri fəal iştirak edərək düşmənə sarsıdıcı zərbələr endirib. Vahid komandanlıq altında hər biri öz vəzifəsinin öhdəsindən məharətlə gəlib. Ordu korpusları ərazilərin azad edilməsi və mövqelərin əldə saxlanması ilə bağlı tapşırıqları məharətlə icra edərək üzərlərinə düşən məsuliyyəti layiqli şəkildə yerinə yetiriblər. Bu da nəticə. Prezident İlham Əliyev qısa müddətdə qazanılan qələbəni məhz onların fəaliyyəti ilə bağlayıb: “Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik”.

 

Qarabağ müharibəsi dünya mediasının maraq dairəsindədir

 

Azərbaycan əsgəri qəhrəmandır. O psixoloji cəhətdən yüksək səviyyədə qiymətləndirilən bir qüvvəyə qalib gəlib. Uzun illər böyük istehkamlar qurmuş, işğal etdiyi ərazinin müdafiəsini gücləndirmiş amansız bir qüvvəyə. 

 

Azərbaycan əsgəri, sadəcə beton ehkamları dırnaqları ilə aşmadı, həm də düşmənin yüksək psixoloji keyfiyyətlərini də yerlə bir etdi. Bunu necə etdiyinə gəlincə, bu mövzu müharibə dövründə də, ondan sonra da dünya mətbuatının maraq obyektindədir.

 

Dünya mətbuatının Azərbaycan Ordusunun peşəkarlığına diqqəti Prezident İlham Əliyevin xarici və yerli mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da hiss olunub. Prezident bu müharibədə cəbhə aviasiyasının, pilotsuz uçuş aparatlarının itkilərin minimuma endirilməsində rolunu belə qiymətləndirib: “Pilotsuz uçuş aparatları təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib”.

 

Uzun sözün qısası, 44 günlük Vətən müharibəsi və onun nəticələri hələ də araşdırılır, hərbi-siyasi ekspertlərin müzakirə mövzusuna çevrilir. Görünən odur ki, hələ uzun müddət də danışılacaq. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Müzəffər Azərbaycan Ordusu haqqında danışarkən hiss etdiyi qüruru gizlətməyib: “Zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma bizə məlum olan faktlar da Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas verir”.

 

Bu gün əminliklə deyə bilərik ki, “Azərbaycan Ordusu döyüş meydanında tarix yazdı”,- ifadəsi gəlişi gözəl söz deyil, reallığın tam ifadəsidir. Göstərdiyi gücü və yenilməzliyi ilə Müzəffər Azərbaycan Ordusu təkcə düşmənini, onun havadarlarını yox, bütün dünyanı da təəccübləndirdi. Müharibə başlayan kimi döyüşlərə qatılan Biləsuvar rayonu Bağbanlar kənd orta məktəbinin direktoru Nazim Sadıqov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Ordumuzun qüdrətindən necə təsirləndiyini deyir: “Mən bu müharibədə ordumuzun gücünü gördüm. Xalqımızın birliyini gördüm.  Düşmənimiz zəif deyildi, ancaq bizim qarşımızda çox gücsüz idi, qaçmağa məhkum idi”.

 

Ruhiyyə DAŞSALAHLI