Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyevlə onlayn görüş keçirilib.

 

Dekan Elxan Əzizov şərqşünaslıq fakültəsinin görkəmli məzunları, alimləri barədə məlumat verib, hazırda da böyük diplomatik nüfuza malik olan görkəmli məzunlarından bəhs edib.

 

Sonra layihə çərçivəsində ilk fəxri qonağı - Malayziyada fövqəladə və səlahiyyətli səfir Qaley Allahverdiyevi təqdim edib.

 

Səfir Q.Allahverdiyev iştirakçılara öz fəaliyyəti, şərqşünaslıq fakültəsində oxuduğu illər, peşəkar diplomatiya arenasına qədər keçdiyi fəaliyyət dövrü barədə danışıb,elmi və diplomatik sahədə uğurunun sirrini daim çalışmağı ilə izahlayıb,  məzunu olduğu fakültə ilə bağlı xatirələrini bölüşüb.

 

Səfir Malayziya və Azərbaycan arasında mövcud diplomatik münasibətlər, ölkələr arasında mədəni əlaqələrdən də bəhs edib.

 

BDU-nun Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən Vüqar Qaradağlı səfirin fəaliyyətinin tələbələr üçün nümunə olduğunu bildirib, fakültənin görkəmli məzunları ilə görüşlərin tələbələr və fakültə üçün əhəmiyyətindən söz açıb.

 

Fakültə TGT-nin sədri İmran Sayılov da belə görüşlərin tələbələr üçün böyük motivasiya və stimul qaynağı olduğunu qeyd edib, bu ənənənin davamlı olacağına əminliyini vurğulayıb.