Martın 29-da təhsil nazirinin müavini İdris İsayev YUNESKO tərəfindən təşkil olunmuş “COVID-lə bir il: Nəsil fəlakətinin qarşısının alınması məqsədilə təhsilin bərpasının prioritetləşdirilməsi” mövzusunda yüksək səviyyəli virtual görüşdə iştirak edib.

 

“COVID-19” pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Qutyereş və bir sıra ölkələrin təhsil nazirləri iştirak edib.

 

İdris İsayev çıxışında Azərbaycanda pandemiya dövründə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Nazir müavini həmçinin ölkəmizdə icra edilən “Virtual məktəb” layihəsinin xüsusi rolunu qeyd edib və yaratdığı imkanlardan söz açıb.