Azərbaycanlı gənc Amerikada “İlin müəllimi” adına layiq görüldü
Dünyanın müxtəlif ölkələrində yaşayan və müəllimlik missiyasını özünün şərəfli işi hesab edən soydaşlarımız fəaliyyətləri ilə qürur mənbəyidir. Vətəndən uzaqlarda öz pedaqoji məharəti ilə yerli əhalinin rəğbət və hörmətini qazanan həmvətənlərimizdən biri də ABŞ-ın Texas ştatının Hyuston şəhərində müəllimlik edən Naseh Mirqələm oğlu Mirizadədir.
Naseh hazırda ABŞ-ın Hyuston ştatındakı “Harmony Science Academy - Sugar Land” (HSA-SL) orta məktəbində amerikalı uşaqlara riyaziyyat fənnini tədris edir. Bu məktəb təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyata yönəlmiş yüksək keyfiyyətli təhsili təmin edən dövlət müəssisəsidir.
Bu günlərdə Naseh Mirizadə 2020/2021-ci tədris ilində adıçəkilən təhsil müəssisəsinin ən yaxşı müəllimi fəxri adına layiq görülüb. “Harmony Science Academy - Sugar Land” -in təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilmiş rəsmi açıqlamasında bu barədə bildirilir:
“Cənab Mirizadəni "İlin müəllimi 2020-2021" adı alması münasibətilə təbrik edirik. Bu gün biz sizi bütün şagirdləri üçün mümkün olan hər şeyi edən həssas və əməksevər pedaqoq kimi tanıyırıq. 2015-ci ildə 3-cü sinif riyaziyyat müəllimi kimi yoluna bizimlə başlayan cənab Mirizadə son 6 ildir HSA-SL öyrənmə cəmiyyətinə xidmət edir. Yalnız şagirdlərimizə deyil, bütövlükdə məktəbimizə olan bağlılığı onu bu cür tanınmağa layiq edir. Cənab Mirizadə, övladlarımız üçün gördüyünüz bütün işlərə görə sağ olun. Komandamızda olmağınızdan çox məmnunuq!”.
Naseh Mirizadə “Azərbaycan müəllimi”nə eksklüziv müsahibəsində “İlin müəllimi” adına layiq görülməsi və pandemiya dövründəki fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
“İlin müəllimi” necə seçilir və hansı kriteriyalara əsaslanır?
- “İlin müəllimi” adı əsasən şagirdlərin göstərdiyi nəticələrə əsaslanır. Yəni müəllim şagirdlərlə işi necə qurub, dərsdən sonra şagirdlərlə necə işləyir, valideynlərlə əlaqə saxlayırmı - bütün bunlar ən yaxşı müəllimi seçmək üçün əsas kriteriyalardır. Bundan əlavə, evlərə gedərək şagirdlərin yoxlanılması - yəni şagirdin evdə dərslərlə necə hazırlaşması ilə tanışlıq, valideynlərlə söhbət aparmaq da buraya aiddir. Bütün bu faktorlar nəzərə alınaraq, müəllimin öz pedaqoji fəaliyyətini uğurla həyata keçirməsinə dair qərar verilir. Burada əsas şagirdlərin göstərdiyi nəticələrdir, yəni testlər, sinifdən-sinfə keçid zamanı şagirdlərin əldə etdiyi nailiyyətlər. Bu nəticələr müəllim üçün ən yüksək göstəricilərdir. Bunun əsasında müəllim haqqında rəy formalaşır. Əsas kriteriya şagirdlərin bilikləridir. Ona görə də müəllimin şagirdlərlə necə işləməsinə, şagirdlərin sonda imtahanları necə verməsinə diqqət yetirilir. Valideynlərlə iş ikinci plandadır. Müəllimin valideynlərlə işləməsi, şagirdləri daim izləməsi və onların uğur qazanması üçün gördüyü işlər qiymətləndirilir.
- Bu ad müəllimlərə nə kimi üstünlüklər verir?
- Yaşadığımız ştatda da bir neçə təhsil şöbəsi var. Onlardan biri də Hyuston şəhərindədir. Hyustonun əhalisi 4 milyondan artıqdır. Məktəblər təhsil şöbələrinə tabedir. Ən yaxşı müəllim adına tək bir müəllim yox, bütün müəllimlər öz namizədliklərini verirlər. Bu, səsvermə yolu ilə müəllimlər arasında keçirilir. Kim çox səs qazanırsa, ən yaxşı müəllim adı da ona verilir. Bu ad müəllimlərə çox böyük üstünlüklər qazandırır. Ən yaxşı müəllim işlədiyi məktəbi tərk edib başqa məktəbə keçmək istəyirsə və bu zaman müsahibə götürülürsə, onun üstünlüyü var ki, işlədiyi təhsil müəssisəsində ən yüksək göstəriciləri olub və “İlin müəllimi” adına layiq görülüb. Bu, onun istənilən məktəbə dəyişilməsinə kömək edir. Rəqabət mühitinə gəlincə, təbii ki, bütün müəllimlər bu prosesdə iştirak edir, kim çox səs toplayırsa, qalib elan olunur.
- Hazırda tədris prosesi necə keçir?
-Hazırda dərslər onlayn keçirilir. Valideynlərin arzusu ilə uşaqlar məktəbə gedə və ya evdə dərslərinə davam edə bilərlər. İşləyən valideynlər, adətən, uşaqlarını məktəbə göndərirlər. Bu zaman həm sinifdə, həm də evdə oturan uşaqlara dərs keçilir. Ancaq bu, çox çətindir. Yəni əyani dərsdə müəllim uşağın səhvlərini göstərə bilir, onu başa salır. Amma evdə uşaqlar nəzarətdən kənarda qalır, ona görə diqqətsiz olurlar; ən yaxşı hal uşaqların dərslərdə iştirak etməsidir.
Onu da qeyd edim ki, dərs ilinin əvvəlindən məktəbdə neçə şagird varsa - birinci sinifdən, 6 yaşdan V sinfə kimi bütün ibtidai təhsil pilləsində təhsil alan uşaqların hər birinə kompüter verilir. İlin sonunda isə yığılır. Yəni bütün şagirdlərə, hətta bir evdə 3 şagird varsa və məktəbə gedirsə, hər birinə məktəb tərəfindən kompüter çatdırılır. Valideynlər kompüter almır. Buna görə də uşaqlar çalışırlar ki, diqqətlə dərslərinə qulaq assınlar, kompüterdən istifadə etsinlər.
Qeyd edək ki, N.Mirizadənin dərs dediyi uşaqların valideynləri də öz rəylərində azərbaycanlı müəllim barədə ürək sözlərini dilə gətiriblər. Onlardan bəzilərini təqdim edirik:
Kashif Bavany:
- Təbriklər cənab Mirizadə. Bu ad bildiyimiz və qəbul etdiyimiz gerçəkliyin təsdiqidir.
Kristi Hebert:
- Təbrik edirəm, cənab Mirizadə! Siz bu ada tamamilə layiqsiniz. Bu il qızım Sofiyanın müəllimlərindən biri olduğunuz üçün sizə çox minnətdaram.
Məhcəbin Xürrəm:
- Təbrik edirik! Sən buna layiq idin. Oğlum Ayan sənin üçün çox darıxdı!
Srabani Roy Akilla:
- Naseh müstəsna və inanılmaz liderlik keyfiyyətlərinə malik layiqli bir müəllimdir! Kiçik oğlumun bəxti gətirdi ki, 3-cü və 5-ci siniflərdə onun riyaziyyat müəllimi, övladım üçün ehtiram və heyranlıq nümunəsi oldu. Cənab Mirizadəyə gələcəkdə daha böyük uğurlar, bol şanslar və daha çox tanınmasını arzulayıram! Təbrik edirik Naseh!
Qeyd edək ki, Naseh Mirqələm oğlu Mirizadə 1987-ci il sentyabrın 26-da Zəngilan rayonunun Mincivan qəsəbəsində müəllim ailəsində anadan olub. Nasehin atası Mirqələm müəllim Zəngilan rayonu ermənilər tərəfindən işğal olunana qədər Cahangirbəyli kənd və Mincivan natamam orta məktəblərində ingilis dili fənnini tədris edib. İşlədiyi müddətdə “Baş müəllim” adına layiq görülüb və “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunub. Ailə 1993-cü ildə, rayon işğal edildikdən sonra Bakıya köçüb. Mirqələm müəllim Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. O, “Ali kateqoriya”lı müəllim adına layiq görülüb. Anası mərhum Nigar Əliyeva da Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində coğrafiya fənnini tədris edib. Bakıya köçdükdən sonra 271 nömrəli tam orta məktəbdə coğrafiya və tarix müəllimi işləyib. Naseh ilk təhsilinə 271 nömrəli tam orta məktəbdə başlayıb. 1998-ci ildə IV sinfi başa vurduqdan sonra ailəsi ilə Amerika Birləşmiş Ştatlarına köçüb. Orta məktəbi ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində bitirib. 2013-cü ildə Hyuston Universitetini bitirən Naseh hazırda Hyustonda orta məktəbdə riyaziyyat və dünyəvi biliklər (Science) fənnini tədris edir.
Oruc MUSTAFAYEV