Dövlət İmtahan Mərkəzi (DİM ) Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) dəstəyi ilə “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayıb və layihə çərçivəsində onlayn təlimin ilk sessiyası baş tutub. İlk sessiyada ТРКИ imtahanının yoxlama-ölçmə materiallarına dair rəsmi sənədlər (rus dili xarici dil kimi fənninin proqramları və standartları), CEFR təqdim olunub.
DİM-dən bildirilib ki, təlim 12-30 aprel 2021-ci il tarixlərini əhatələyir və 3 həftə davam edəcək. Təlimdə iştirakçılar aşağıdakı mövzulara dair bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər:
- ● dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
- ● Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
- ● qrammatika və lüğət bazasının qiymətləndirilməsi;
- ● fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
Xatırladaq ki, layihənin iştirakçıları DİM-in rus dili xarici dil kimi fənni üzrə ekspertləri və daha öncə elan edilmiş müsabiqə əsasında seçilmiş rus dili müəllimləridir.
“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi SPDU-nun rus dilinin qiymətləndirilməsi üzrə mütəxəssisləridir.