On iki yaşlı rəssamın uğur hekayəsi


Valideynlərimin söylədiklərinə görə mən lap kiçik yaşlarımdan   təbiət mənzərələrini   çəkməyə meyl göstərmişəm.  Ağac, dağ, çay, müxtəlif heyvan rəsmələri çəkir, sonra da  hirslənərək cırıb atırmışam. Səbəb də bu olurmuş ki, çəkdiyim rəsmləri hamı bəyənsə də, özüm bəyənmirmişəm. İllər ötdü və mən böyüyüb  1-ci sinfə getdim.Yenə də boş vaxtım yaranan kimi çantamdakı  rəngli karandaşları stolun üstünə tökərək əvvəlki qaydada rəsmlər çəkməyə başlayırdım. Anam həmişə saçlarıma sığal çəkərək, - mənim rəssam balam nə gözəl rəsm çəkib, - deyərdi. Əvvəllər əyləncə saydığım rəsm sənətinə marağımın getdikcə daha çox artdığını   hiss edən valideynlərim məni 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə aparmağa qərar verdilər. Çəkdiyim rəsmlər Mərkəzin müəllimləri tərəfindən bəyənildi və  sonra qazandığım bütün uğurların əzəli də  elə onda qoyuldu...

 

...Artıq 12 yaşı olan  yeniyetmə rəsm həvəskarı  Məryəm Atlıxanova bu yaradıcılıq sahəsinə bağlılığının qısa tarixçəsini nəql etdikcə  adları tarixin yaddaşına sənət fatehləri kimi həkk olunan  tanınmış klassiklərin  tərcümeyi-halları yaddaşımda təzələnirdi. Bir anlıq elə düşündüm ki, hazırda mənimlə həmsöhbət olan bu istedadlı yeniyetmə  gələcəkdə  tanınmış peşə sahiblərindən biri olacaq və  bu gün  haqqında qələmə alacağım yazı da onun şəxsi arxivində  ən qiymətli xatirə kimi  saxlanılacaq. Nə isə,  gəlin, artıq beş ildir ki, üzvü olduğu Mərkəzdə  dekorativ-tətbiqi sənət  dərnəyində qazandığı  uğurları  barədə həmsöhbətimin  hədsiz sevinc hissi ilə söylədiklərini   dinləməkdə davam edək.

 

Sənətkarı ancaq əsərləri sevdirə bilər

 

Bu sənətin sirlərini  rəsm  müəllimim Aytən Bəylərzadə    həvəslə mənə mənimsədib. Rəssamlıq da başqa sahələr kimi nə qədər fitri istedad,  yaradıcılıq qabiliyyəti tələb edən bir   sahə  olsa da onun dərin sirlərinə müəllimsiz heç vaxt  yiyələnmək mümkün  ola bilməz. Müəllim  ilk növbədə,  şagirdə  istiqamət verir, rəssamlıq sənətinin  fəlsəfəsini mənimsədir, bizi onun mahir bilicisi olmağa ruhlandırır. Mən deyərdim ki,  rəssamlıq  yaradıcılıq sahəsi olmaqla  bərabər,  həm də bir elmdir, özü də riyaziyyat qədər  dəqiqlik sevən  çətin bir elm. Əgər  qələmə alınan bir  rəsm əsəri tamaşaçını düşünməyə vadar etməsə, onu əsər adlandırmaq olmaz. Adi  bir ağ vərəqdə qələmə alınan hər hansı  rəsm nümunəsinə gərəkdir ki, can verəsən, həyat verəsən  və o, özü haqda  öz dilində  tamaşaçıyla ünsiyyət qura bilsin. Sənətkarı  yaşadan, onu  sevdirən, məşhur edən də elə onun əsərlərindəki  bu kimi  vacib keyfiyyətlər ola bilər.

 

...Açığı  Məryəm  danışdıqca  mən bir şagirdlə deyil, sanki bu sənətin ağır yükünü ürəyində daşımağı bacaran bir sənətkarla həmsöhbət olduğumu  zənn edirdim  və qəribə hisslər də keçirirdim. -Doğrudanmı yaradıcı adamlar  lap elə  uşaq və   yeniyetmə  yaşlarından qeyri-adilikləri ilə başqalarından  hiss olunan qədər fərqlənirlər?-deyə,  düşünürdüm. Qəribə olsa da o, danışdıqca mənim  arabir  qeyri-ixtiyari xəyal aləminə baş vurduğum  da heç   diqqətindən yayınmırdı, olduqca həssas və diqqətcil qız idi. 

 

“Biz  birlikdə güclüyük”

 

- Müxtəlif   vaxtlarda  rəsm müsabiqələrində dəfələrlə  iştirak etmişəm və  çox uğurlara da imza atmışam, - deyərək, Məryəm söhbətinə davam edir. Mərkəzdə   təşkil olunan  “Mənim nağıl dünyam”,  “Sehrli nöqtələr”, “Təbiətimizi  qoruyaq” adlı  rəsm sərgilərində fərqləndiyimə  görə diplomlarla mükafatlandırılmışam.  “Biz   birlikdə  güclüyük”,  “Qızıl  hərflərlə  yazılan  tarix”,  “Qayıdış”,  “Qarabağ  abidələri”  adlı  respublika   onlayn  müsabiqələrində  I yerə layiq  görülmüşəm.

 

“Odlar yurdu Azərbaycan”

 

Moskva şəhərində  keçirilən  “Dialoq”   beynəlxalq  uşaq  rəsmləri müsabiqəsində fəal  iştirak   edərək  qaliblər  sırasında   olmuşam. “Odlar  yurdu  Azərbaycan” mövzusuna  həsr olunmuş müsabiqədə  isə  “İçərişəhər” adlı rəsm  əsərimlə  laureat  adını  qazandım və diplomla   mükafatlandırıldım. “Dostluğun  sehri”  II  beynəlxalq uşaq  rəsm müsabiqəsinə qatılaraq   birincilik qazandım. Sevinirəm ki,  Müzəffər Ordumuz tərəfindən Qarabağın işğaldan azad olunmasına həsr olunan  bir çox sərgilərdə əsərləri fərqlənən iştirakçılardan  biri də  mən olmuşam. Bu, mənim üçün həm də qürurverici bir  hal idi.  Bizə doğmadan- doğma olan musiqi beşiyimiz, iftixar mənbəyimiz olan Şuşamıza həsr olunan  “Şuşa” adlı sərgidə müəllimlərimin və valideynlərimin ümidlərini doğrultdum. Etiraf edim ki,  rəsm  müsabiqələrində iştirakım  zamanı  qazandığım   nailiyyətlər   mənə  bol-bol sevinc  hissləri yaşadır.  Hazırda  isə “ Biz zəfər  qazandıq” respublika onlayn rəsm  müsabiqəsinə hazırlaşıram.  Bu müsabiqədə də   rəsmlərimin   bəyəniləcəyinə ümid edirəm. Ürəklə  gördüyüm işlərin  mənə başucalığı qazandırdığının dəfələrlə şahidi olmuşam. Xüsusilə vurğulamaq istəyirəm ki, mənim və  bütün yaradıcı dostlarımın   uğurlara imza atmağımızda  Mərkəzimizin  rəhbəri Lalə  Qətinin, sevimli  müəllimlərimizin  rolu  əvəzolunmazdır. Məhz onların uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri diqqət və qayğının bol bəhrəsidir qazandığımız bütün uğurlar.

 

Yeri gəlmişkən, mən rəsmlə bərabər vaxt tapıb  rəqslə də məşğul oluram və  rəqs etməyi çox sevirəm.  “Dostluq” festivalında  fərqli rəqs nümayiş etdirdiyimə görə   diploma  da layiq görülmüşəm. Dərslərimdə də sinif yoldaşlarımdan geri qalmıram, adım yaxşı oxuyanlar sırasındadır.

 

Məktəbin ictimai işlərində olduqca fəalam

 

Məktəbin ictimai işlərində də daim fəallıq nümayiş etdirirəm və  direktorumuz bunu cavabsız qoymayaraq  diplomlarla  qiymətləndirir. “Azərbaycan, dünyam mənim”  və  “Bacarıqlı əllər” sərgilərində   qalib olmuşam.

 

Riyaziyyat fənnini çox sevirəm. 2020-ci ildə “Lütfizadə” adlı məntiq olimpiadasında məktəb üzrə 1-ci yeri tutmuşam. Ümumiyyətlə, istər təhsil, istərsə də yaradıcılıq sahəsində  qazandığım bütün uğurlarıma görə valideynlərimə hədsiz minnətdaram. Onlar mənim enerji mənbəyim, dayağım, gözlərimin işığı, nurudur. Boynumda haqları  da  böyükdür;  mənə stimul veriblər,  qol-qanad veriblər  və bu səviyyəyə pərvazlandırıblar.

 

Özümə qarşı  olduqca  tələbkaram. Yalnız və yalnız gərgin əmək  və əzmkarlıq  sayəsində  bütün baryerləri aşmağın mümkünlüyünü yaşım 12 olsa da yaxşı dərk edirəm. Həmyaşıdlarıma da bu keyfiyyətlərə sahib olmağı arzulayıram. Onda qazandıqların halal payın olur və insan özünü güclü, qüdrətli hiss edir.

 

 ...Şübhəsiz, mən bir jurnalist olaraq Məryəmin gələcəkdə hansı sənətin, yaxud peşənin sahibi olacağı qətiyyətində ola bilmərəm. Ancaq bu dilli-dilavər qızın dediklərindən hasil olan bir  qətiyyətim  oldu ki, bu cür çalışqan, prinsipial, zəhmətkeş şagird  qarşısına qoyduğu bütün məqsədlərə nail olmağa qadirdir.Tanrı qorusun!

 

Sifai SƏFƏROVA