Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə (RSXM) Böyük Britaniyanın Oxford və Kembric  universitetlərinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası, zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda  növbəti müzakirələr keçirilib. İclasda Azərbaycan və Böyük Britaniyanın gənc alimlərinin birgə layihələrdə iştirakına dair məsələlər müzakirə olunub.

 

Onlayn müzakirələrdə Azərbaycan tərəfindən RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak ediblər. 

 

İclasa moderatorluğu - Oxford Universitetinin və AMEA-nın təmsilçisi  Rəşid Cavanşir edib. 

 

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları Rafiq Səfərov və Orxan Abbasov da  müzakirələrə qatılıblar. 

 

Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova RSXM-də görülən işlərlə bağlı geniş təqdimat edib, maraq doğuran sualları cavablandırıb. 

 

Daha sonra Geologiya və Geofizika İnstitutunun əməkdaşları- Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi Rafiq Səfərov və Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov apardıqları elmi istiqamətlərə dair çıxışlar edərək, birgə tədqiqatların “yol xəritəsi”nin tərtib olunmasının  vacibliyindən  danışıblar. 

 

Müzakirələrdə əməkdaşlıq ediləcək sahələr üzrə işçi qaydada məsələlərə baxılıb, görülmüş işlərə dair hesabat xarakterli növbəti iclasın keçirilməsi qərara alınıb. 

 

İclasda layihənin ümumi koordinatoru, professor Riçard Volker də  iştirak edib.