Mövcud pandemiya şəraitində Təhsil Nazirliyi tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılır və bu sahənin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. 

 

Belə ki, görülən tədbirlər çərçivəsində 19 aprel 2021-ci il tarixindən Təhsil Nazirliyinin strukturuna daxil olan Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Quba Rayon Təhsil Şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsi tərəfindən vətəndaşların qəbulu videoqəbul formatında keçirilir.

 

Videoqəbulların keçirilməsində məqsəd regionlarda yaşayan vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir.

 

Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 iyun 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb. 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatda təşkil edilir.