Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb.

 

BDU-dan verilən məlumata görə, rektor xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılan qələbənin qürurunu yaşayır. E.Babayev Qarabağdakı quruculuq işlərində Özbəkistanın da iştirak etmək istəyinin iki ölkə arasında dostluq və qardaşlıq bağlarının təzahürü olduğunu  söyləyib.

 

O, BDU-nun Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr qurduğunu, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə imzalanmış müqavilə çərçivəsində həyata keçirilən tədbirlər, mübadilə proqramları,ikili və üçlü diplom layihələri haqqında məlumat verib. Gələcəkdə Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə BDU-nun daha sıx əməkdaşlıq etməsi istiqamətində təkliflərlə çıxış edib.

 

Səfir Bahrom Aşrafxanov səslənən təklifləri müsbət dəyərləndirib, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Özbəkistan ali məktəbləri ilə BDU-nun sıx, səmərəli və qarşılıqlı faydalı  əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

 

Görüş BDU və Özbəkistan ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri,  müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi ilə davam edib.