2021/2022-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dünya İqisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarəolunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayıb.

 

UNEC-dən bildirilib ki, proqrama qəbul olan universitet tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər. Fransada oxuduqları müddətdə tələbələrə Montpellier Universitetinin tələbə kartları veriləcək.

 

Adıçəkilən bu xarici universitetə əsas qəbul şərtləri UNEC-in ikinci kurs tələbəsi olmaq, minimum orta bal (ÜÖMG) 81 bal və ingilis dili üzrə – B2 tələbindən ibarətdir.  

 

Tərəfdaş universitet olan  Montpellier Universitetində təhsil müddəti bir ildir. Tədris  ingilis dilində aparılır. Təhsil haqqı isə  2250 avro təşkil edir. Tədris  2021-ci ilin sentyabrında başlayacaq,  2022-ci ilin aprelində isə bitəcək.

 

Qeyd olunub ki, müraciət mayın 10-a qədər davam edəcək və UNEC-in 1-ci kurs tələbələri də 2022/2023-cü tədris ili üçün qeydiyyatdan keçə bilərlər.