Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2021/2022-ci tədris ili üçün magistratura pilləsi üzrə qəbul imtahanı keçirilib.

 

ADNSU-dan bildirilib ki, artıq ikinci dəfə keçirilən magistratura imtahanında müxtəlif universitetlərdən ümumilikdə 123 tələbə qeydiyyatdan keçib və namizədliyi təsdiq edilib. Namizədlərin 53-ü UFAZ tələbəsi, 70-i isə Azərbaycanın müxtəlif universitetlərinin məzunlarıdır.

 

İki saat yarım davam edən imtahanda tələbələr 3 ixtisas (Kimya mühəndisliyi/ Fiziki kimya, Tətbiqi kompüter elmləri (Big Data və Süni Zəka) və Yer elmləri ixtisasları) üzrə ingilis dilində verilən sualları cavablandırıblar.

 

İmtahanın ilkin nəticələri aprelin 27-də elan olunacaq.

 

İmtahanın nəticəsindən razı qalmayan tələbələrin aprelin 30-da apelyasiyaya müraciət etmək ixtiyarları var.  Qəbul olmuş namizədlər öz namizədliyini 5 may tarixində təsdiq edə bilər. Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) isə UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. İngilis dili sertifikatını təqdim edə bilməyən namizədlər imtahandan uğurla keçərsə, onlar şərti olaraq qəbul edilir və nəticələrini iyun ayına qədər təqdim edə bilərlər.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 50-dan artıq bal toplayan hər kəs UFAZ-ın magistratura proqramlarına müraciət etmək hüququna malik idi. Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirmirlər.

 

Həmçinin DİM-in təşkil etdiyi magistratura üzrə ikinci şans imtahanından məqbul bal toplayanlar iyun ayında yenidən müraciət edə bilərlər.

 

Xatırladaq ki, UFAZ-da magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomuna yiyələnəcəklər. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə bərabər Fransanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu alacaqlar.

 

Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksək ixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılacaq.