Təhsil Nazirliyi dərsliklərin hazırlanmasında ictimai rəyi öyrənir


Təhsil Nazirliyinin prioritet hesab etdiyi ən önəmli məsələlərdən biri də dərslik məsələsidir. Etiraf edək ki, bu məsələ daim təhsil ictimaiyyətinin də diqqət mərkəzindədir. Qeyd edək dərsliklərimiz istər məzmun, istər üslub, istərsə də dizayn baxımından ilbəil təkmilləşir. Lakin buna baxmayaraq, Təhsil Nazirliyi 2016-cı ildən başlayaraq dərsliklərin daha da mükəmməl olması üçün çapa getmədən öncə ictimai müzakirəyə çıxarmağa qərar verib. Məqsəd çapdan öncə ictimaiyyətin fikrini öyrənmək, cəmiyyətin həssas yanaşdığı məqamları görmək, təklif və rəyləri  nəzərə almaqla şagirdlərə daha təkmil dərslik təqdim etmək idi.

 

Nəzərə çatdıraq ki, bu il də dərsliklər ictimai müzakirəyə çıxarılıb. Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Sevinc Mehdiyeva bizimlə söhbətində bildirib ki, bu il ikinci və altıncı sinif dərslikləri ictimai müzakirəyə çıxarılacaqdır. Artıq 27 adda yenidən təkmilləşdirilmiş dərsliklər www.trims.edu.az saytının ictimai müzakirə bölməsində yerləşdirilib:  “Yaxın günlərdə digər dərsliklərin də ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur. Onu da əlavə edim ki, xüsusi məktəblər üçün hazırlanan dərsliklər də müzakirəyə yerləşdirilib. Bundan başqa xüsusi məktəblərdə dərs deyən müəllimlər üçün həmin dərsliklərin metodik vəsaitləri və valideynlər üçün maarifləndirici vəsaitlər də ictimai müzakirəyə çıxarılıb. Nazirlik elmi tədqiqat institutlarını, təhsil işçilərini, təhsil idarəetmə orqanlarını sıx əməkdaşlığa dəvət edir. Elə bu məqsədlə də aidiyyatı üzrə bir çox institutlara, ali təhsil müəssisələrinə, təhsil şöbələrinə əməkdaşlıqla bağlı yazılı şəkildə məlumat göndərilir”. Təhsil Nazirliyinin rəsmisi onu da qeyd edib ki, dərsliklər nə qədər çox müzakirə olunsa, bir o qədər də mükəmməl şəkildə ərsəyə gələr. O,  müxtəlif qurumların, təhsil işçilərinin, ziyalıların, valideynlərin bu məsələdə fəallıq göstərəcəklərinə ümid etdiyini bildirib.

 

Dərsliklərin ictimai müzakirəyə çıxarılması məsələsinə təhsil işçiləri də öz münasibətlərini bildirib.

 

“Çox effektiv bir üsuldur”

 

Pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov dərsliklərin ictimai müzakirəyə çıxarılmasının müsbət hal olduğunu deyir: Dərsliklərin çapdan öncə müzakirəyə çıxarılması hər hansı bir nöqsanın qarşısını almaq üçün imkan yaradır. Düşünürəm ki, bu, çox effektiv bir üsuldur. Ümumiyyətlə, dərslik siyasəti təhsilin ən vacib amillərindən biridir.   Əslində dərsliklər hər hansı bir elm sahəsi üzrə məlumatların kompleks modeli olmaqla yanaşı, təlim-tərbiyə prosesinin bir sıra önəmli məsələlərini- təlimin məqsədini, məzmununu, təlim texnologiyaları ilə vəhdətdə həyata keçirilməsini təmin edirlər.

 

Mən özüm də mütəmadi olaraq ictimai müzakirəyə təqdim edilən dərsliklərə baxıram.  Bu məsələdə bütün ziyalılarımızın yaxından iştirak etməsini arzulayıram. Düşünürəm ki, bu həssas məsələyə bütün ziyalılarımız öz töhfələrini versələr, nəticədə mükəmməl dərsliklər ərsəyə gələr.

 

Dünyanın bir çox inkişaf etmiş ölkələri də müasir dərsliklərlə bağlı problemlərə xüsusi önəm verir, onun  reallaşması üçün məqsədyönlü sosial-iqtisadi proqramlar həyata keçirirlər. Dərsliklərə əsas təlim vasitəsi kimi bir sıra mühüm şərtlər də qoyurlar. Fikrimcə, müasir dərsliklər ilk növbədə: informasiya tutumlu, sistemləşdirici, öyrədici və nəzarətedici, tərbiyə və inkişafetdirici və s. kimi bir neçə mürəkkəb funksiyalara  malik olmalıdırlar”.

 

“Düşünürəm ki, dərsliklərimiz ilbəil təkmilləşir”

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov da məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb. İlqar Orucov dərsliklərin ictimai müzakirəyə çıxarılmasını çox vacib qərar olduğunu deyir: “Artıq bir neçə ildir ki, dərsliklər ictimai müzakirəyə təqdim olunur. İctimaiyyətin rəyini öyrənmək, dərsliklərə ictimai baxış formalaşdırmaq, çapdan öncə rəy və təklifləri öyrənmək, onları nəzərə almaq çox müsbət bir tendensiyadır. Düşünürəm ki, ölkəmizdə dərsliklərin hazırlanmasına bu yanaşma  dərslik çap olunandan sonra meydana çıxan və cəmiyyətdə birmənalı səslənməyən, cəmiyyəti narahat edən məsələnin ortadan qaldırılmasına hədəflənib. Bir tərəfdən mükəmməl dərsliklərin hazırlanması, digər tərəfdən zamanın çağırışlarına cavab verən mövzuların dərsliklərdə yer alması çox vacib amillərdəndir.

 

Onu da qeyd edim ki, müstəqillik illərindən sonra ölkəmizdə dərsliklərə milli baxış ortaya qoyuldu. Bu, xüsusilə hümanitar fənlərdə özünü daha qabarıq şəkildə büruzə verdi. Düşünürəm ki, dərsliklərimiz ilbəil təkmilləşir. Təhsil Nazirliyinin dərsliklərin ictimai müzakirəyə çıxarılması ilə bağlı attığı addımı dəstəkləyirəm”.

 

“İctimai müzakirənin təşkili çox əhəmiyyətlidir”

 

Göygöl rayon 1 nömrəli tam orta məktəbin tarix müəllimi Elnur Hacıyev də mövzu ilə bağlı fikirlərini bildirib. O, mütəxəssislərin, valideynlərin, müəllimlərin, o cümlədən digər maraqlı tərəflərin dərsliklər barədə rəy, irad və təklifləri yazmasını çox müsbət hal olduğunu qeyd edib: “Hər bir fənn üzrə tədris olunacaq kitab, həmin kitablarda verilən məzmun olduqca vacib məsələdir. Dərsliklərin, o cümlədən orada verilən mövzuların çapdan əvvəl ictimai müzakirəsi işin keyfiyyətinə əhəmiyyətli təsir göstərir. Hər hansı dərslikdə olan texniki və məzmun səhvi çapa qədər gözdən yayına  və ya diqqətdən kənarda qala bilər. İctimai müzakirənin təşkili məhz yaranacaq problemlərin qarşısının əvvəlcədən alınması baxımından çox əhəmiyyətlidir. Müəllim olaraq ictimai müzakirədə olan dərslikləri www.trims.edu.az saytı vasitəsi ilə mütəmadi izləyirəm. Təhsil Nazirliyinin yaratdığı bu imkandan istifadə edərək, şagirdlərimizin gələcək təhsili üçün vacib resurslar barədə rəy və fikirlərimi bildirməyə çalışıram”.

 

Niyazi RƏHİMOV