Finlandiya hökuməti tərəfindən pandemiya dövründə distant tədris prosesində təhsilanlar arasında bərabər imkanların yaradılması barədə proqram hazırlanıb. Koronavirus pandemiyası zamanı Finlandiya şagirdləri arasında bərabərsizliyin aradan qaldırılması proqramını ölkənin təhsil naziri Yussi Saramo aprelin 17-də YLE teleradio şirkətinin efirində elan edib.

 

Təhsil naziri qeyd edib ki, koronavirus pandemiyası səbəbindən məktəblərin bağlanması ilə nəticələnən distant təhsil zamanı məktəblilər və tələbələr arasında gizli bərabərsizlik güclənir. Təminatlı ailələrdən olan uşaqların valideynləri distant təhsil çatışmazlıqlarını əlavə təhsil xidmətləri ilə kompensasiya edə bilərlər. “Bəzi uşaqlar və gənclər evdə təhsil alarkən güclü dəstək alırlar, digərləri isə uzaqdan təhsil alarkən daha çox öz qüvvələrinə və məktəblərin dəstəyinə güvənirlər”, - deyə Saramo qeyd edib.  Nazir hesab edir ki, koronavirus böhranı şagirdlər arasında gizli bərabərsizliyi dərk etmək və onu dayandırmaq üçün yaxşı bir zamandır. Nazirliyin rəhbəri bildirib ki, hökumət uzaqdan təhsil zamanı kömək almayan uşaqlar üçün təhsilin maliyyələşdirilməsi məqsədilə 67,8 milyon avro ayıracaq. Bu, yoxsullarla zənginlər arasında təhsil almaqda mövcud olan fərqləri aradan qaldırmağa imkan verəcəkdir. “İşsizlik səviyyəsi yüksək, təhsil səviyyəsi aşağı və ya əcnəbilərin payı yüksək olan bölgələrə ayrı-ayrı qrantlar hesabına şagirdlərin distant təhsilinə dəstək ola bilərik”, - deyə Saramo qeyd edib.  O, hesab edir ki, bu maliyyələşdirmə irəliyə doğru vacib addım olacaq, hər bir uşağa və gəncə tam təhsil almaq imkanına zəmanət verəcəkdir.

 

Nazir əlavə edib ki, uzaqdan təhsil tez-tez uşaqların müvəffəqiyyətlərinin güclü surətdə azalmasına səbəb olur və mövcud vəziyyət nə qədər uzun sürərsə, o qədər çox uşaq tədris prosesindən ayrı düşəcək.

 

Oruc MUSTAFAYEV