Övladı valideyn dünyaya gətirir. Ancaq o vətənin, dövlətin, millətin, bir sözlə cəmiyyətindir. Bu, birmənalı belədir. Odur ki, övladın yetişməsində ailəsi ilə bərabər çevrəsinin, mühitin, ictimai təbliğat maşınının mühüm rolu var.

 

Bəli, övlad cəmiyyətindir, dövlətin və xalqındır, sonra, həm də valideynindir.  Valideyn övladın mayakı sayılır. Ona istiqamət verə, yönəldə, mümkün bütün təhlükələrdən xəbərdar edə bilər. Qalan şeylərdə bütün seçim və icra hüququ övladındır.

 

İndi gələk əsas məsələyə, məktəbdən yetişdirilən yeniyetməyə, vətənin pərvəri olanlara, Qarabağı görmədən QA-RA-BAĞ hayqıran, can fəda edən balalara, övladlara, məktəblilərə, şagirdlərə.

 

Qarabağ işğal olunanda heç doğulmamışdı çoxu, ya da körpə idilər, səksənlərin, doxsanların, ikiminlərin uşaqları. Qarabağ mövzusu dərsliklərə salınmasın, milli şüura yeridilməsin, milli təbliğatın tərkib hissəsi olmasın deyə nə oyunlar oynanıldı illərlə. Azərbaycanda təhsili gözdən salmaq, vəziyyətin kritik həddə olduğunu göstərmək üçün yüz yola əl atıldı. Hamısından  Azərbaycan müəlliminin dəstəyi ilə, alnı açıq çıxdı ölkə.

 

Qarabağda doğulmayan yüzlərlə şagird böyüdü, oxudu və hara getdisə Qarabağ dedi. Bəzən kövrək, bəzən hirsli, bəzən tələbkar, bəzən də haqqını mütləq bərpa edəcəyinə əmin Azərbaycan vətəndaşı kimi.

 

Qarabağ unudulmadı, Qarabağ unutdurulmadı. Bu, dövlət siyasətinin ana xətti idi. Dövlətin və xalqın marağı, hədəfi və məqsədi bir idi. Bir sözlə, hamı çəkici bir yerə vurdu və QARABAĞ alındı.

...Həm sevindiricidir! Həm qürurverici! Həm də kövrək!..

 

Qarabağlı olmayan, oraları bircə dəfə də görməyən nə qədər səksən, doxsan, hətta iki mininci ilin şagirdləri QARABAĞ deyib sonuncu, qırx dörd günlük VƏTƏN savaşında,

 

ŞƏHİD oldu!..

QAZİ oldu!..

QALİB oldu!..

Qarabağdan anasının qucağında çıxan azyaşlılar məktəbdə Qarabağ öyrənib, oraya tank belində qayıtdı...

Batalyon, briqada, korpus komandiri kimi döyüş planı cızdılar...

Kəşfiyyatçı kimi dəqiq koordinat əldə elədilər...

Əsirlikdə  VƏTƏN sağ olsun, dedi neçəsi şahədətdən öncə...

Bu döyüşlər təkcə bu günün təbliğatının nəticəsi deyildi. Otuz ildə bünövrəsi həm də məktəblərdə qoyulan övladlar yetişdi. Vətənpərvər, cəsarətli, qocaq.

 

Son Qarabağ savaşında təkcə nə zamansa məktəbli, sonra əsgər, zabit, könüllü olan şagirdlər qatıldı. Həm də qan sevməyən, qana, müharibəyə, savaşa qarşı olan, əli təbaşirli müəllimlər qatıldı. Şagirdlərinin dalıyca döyüşə getdilər. Təbaşiri yerə qoydu, əllərinə silah aldılar. Vətəni şagirdlərə bir də döyüş meydanında anlatdı müəllimlər. Beləcə şəhid, qazi, qalib oldu AZƏRBAYCAN MÜƏLLİMİ!..

 

***

 

Bu olanlar bizi nəhayət ki, bir elədi.

Tam VƏTƏN, DÖVLƏT, VƏTƏNDAŞ olduq!

Natamam edilmiş, işğal olunmuş şəxsiyyətimiz, milli kimliyimiz özümüzə qayıtdı!

 

İndi Azərbaycan dövləti olaraq hədəflərimiz daha böyükdür. Bunu ölkənin dövlət başçısı artıq hər çıxışında açıq bəyan edir. Bu, yeni milli ideoloji xətt, dövlətin yeni hədəfidir.

 

...Cənubi Qafqazın lider Azərbaycanı yaradılır...

...Naxçıvana quru yolu çəkilir...

...Zəngəzura dönüşə hazırlaşırıq...

...Tarixi İrəvana qayıdışın bir addımlığındayıq...

 

Milli şüuru, ruhu güclü saxlamaq üçün hər zaman məktəbə və müəllimə, bir də şagirdə ehtiyacı var məmləkətin. Odur ki, sağ və möhkəm qal, bu, həm də VƏTƏNİN, DÖVLƏTİN tapşırığıdır, MƏKTƏB, ŞAGİRD və MÜƏLLİM...

 

Jalə MÜTƏLLİMOVA