Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən riyaziyyat, kimya, biologiya, coğrafiya və ingilis dili fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və açıq tipli tapşırıqların yoxlanılmasına dair hazırlıq kursları keçirilib.

 

DİM-dən verilən məlumata görə, onlayn keçirilən hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

 

DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verərək qeyd edib ki, kursun nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra kursun praktiki hissəsində iştirakçıların ev tapşırıqlarını bir ay müddətində internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməli olduqları bildirilib. Hazırlıq kursunun sonunda Bakı şəhərindən olan iştirakçıların DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasında, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in regional bölməsində cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesindən (kalibrləmə) keçməli olduqları qeyd edilib.

 

Daha sonra hazırlıq kurslarında riyaziyyat fənni üzrə moderator Aqşin Abdullayev, kimya fənni üzrə moderator Elşad Abdullayev, biologiya fənni üzrə moderator Nailə Əliyeva, coğrafiya fənni üzrə moderator Nərminə Seyfullayeva və ingilis dili fənni üzrə isə Nərminə Əliyeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması, qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.


Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları elektron “Məlumat bazası”na daxil ediləcək, onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.