Sabah saat 11:00-dan ümumtəhsil müəssisələri üçün ölkə üzrə I sinfə onlayn qeydiyyat başlayacaq. 29 apreldən Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək. 

 

Prosesə hazırlıq, bundan sonra gözlənilənlər, ümumiyyətlə, mətbuatı və vətəndaşları maraqlandıran bütün suallara  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov,   şöbənin əməkdaşı Elçin Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı bu gün keçirilən onlayn brifinqdə cavab verib.

 

Brifinqdə bildirilib ki, bir neçə ildir I sinfə qəbul mektebeqebul.edu.gov.az portalı vasitəsilə həyata keçirilir. Hər il olduğu kimi, bu il də prosesin problemsiz keçirilməsi üçün bütün tədbirlər görülüb. Əvvəlki illərdən fərqli olaraq, bu il sistemin daha sürətli olması, problemlərin daha tez və operativ həll edilməsi üçün bir sıra işlər yerinə yetirilib: “Birinci sinfə şagird qəbulu ilə bağlı bütün hazırlıq işləri yekunlaşıb və sabahdan proses başlanılır. Bunun üçün sistemdə tam hazırlıq işləri yekunlaşdırılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər bölgələr üzrə təhsil idarələrində də müvafiq işlər başa çatıb, alternativ qeydiyyat mərkəzləri hazır vəziyyətə gətirilib”.  
 

Ruhiyyə