Sabah I sinfə qəbul üçün elektron qeydiyyat başlayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) I sinfə qəbulla bağlı daxili əmr imzalanıb və tapşırıqlar verilib. 

 

BŞTİ-nin sektor müdiri Bəşarət Məmmədov bildirib ki, qeydiyyatın başladığı ilk günlərdə müşahidə edilən gərginlik və sıxlığı nəzərə alaraq, BŞTİ valideynlərlə Facebook vasitəsilə canlı bağlantı quracaq. Qurum nümayəndələri aprelin 28-i, 29-u və 30-da Facebook vasitəsilə valideynlərin suallarını canlı şəkildə cavablandıracaq. Onun sözlərinə görə, sonrakı günlərdə də zərurət hiss edilərsə, BŞTİ sosial şəbəkə üzərindən əlaqəsini davam etdirəcək.  O xüsusi vurğulayıb ki, mövcud vəziyyəti nəzərə alaraq valideynlər heç bir halda məktəbə yaxınlaşmasınlar, şəxsi kabinetdəki “Əlaqə” bölməsi vasitəsilə suallarına daha tez və operativ cavab ala biləcəklər. 

 

Xatırladaq ki, şagird qəbulu qaydalara uyğun olaraq, internet çıxışı olmayan vətəndaşlar üçün alternativ qeydiyyat mərkəzlərində  həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Bakıda I sinfə qəbul üzrə hər rayonda 2 və ya 3 olmaqla, 25 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək. Fiziki olaraq gələ bilməyən valideynlər üçün 4 WhatsApp nömrəsi vasitəsilə onlayn müraciətlər qəbul ediləcək. 
 

Ruhiyyə