2021-2022-ci dərs ili üzrə tədrisi digər dillərdə olan bölmələrə qəbul olmaq istəyən birinci sinif şagirdlərinin müsahibələrə yazılma mərhələsi aprelin 29-da başlayacaq.

 

Rus dilində təhsil almaq istəyən uşaqların müsahibə edilməsi ilə bağlı müvafiq komissiyalar artıq yaradılıb. Mayın 4-dən rus bölməsi üzrə müsahibələrə başlanılacaq və iyunun 14-dək davam edəcək. Müsahibədən sonra  3 gün müddətində həm qeydiyyatdan keçirilən nömrəyə SMS bildiriş gedəcək, həm də şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək. Proses iyunun 8-i saat 18.00-da yekunlaşacaq.

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov valideynlərə müsahibələr zamanı uşaqlara kömək etməməyi məsləhət görüb: “Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Valideynin hər bir müdaxiləsini işçilərimiz bilir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər”.

 

O.Abbasov  müsahibədən kəsilən uşaqların yenidən Azərbaycandilli məktəblərə sənəd verə biləcəyini də vurğulayıb.

 

Ruhiyyə