Bu gün  2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.  Belə ki, saat 11:00-dan ümumtəhsil müəssisələri üçün ölkə üzrə I sinfə onlayn qeydiyyat başlayır. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

 

Xatırladaq ki, bu gün I sinfə şagird qəbulu üçün valideyn, yaxud digər qanuni nümayəndələr sadəcə ərizələrinin onlayn qeydiyyatını həyata keçirəcək.  Məktəb seçimi bölməsi aprelin 29-dan aktivləşdirildiyindən bu prosesi yalnız iki gün sonra başa çatdırmaq mümkün olacaq.

 

Aprelin 29-dan həm Azərbaycan bölməsi üzrə sorğu yerləşdirmək, həm də dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilən müsahibəyə yazılmaq mümkün olacaq. Həmin gün həm də Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyata start veriləcək.

 

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq və mayın 4-dən müsahibələr başlayacaq. COVID-19 pandemiyasına görə ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu nəzərə alınaraq müsahibələr ancaq onlayn formada təşkil ediləcək. 

 

Qeyd edək ki, müsahibələr şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil olunur. Müsahibə komissiyaları uşaqların təhsil almaq istədikləri dildə dinləyib anlamalarına, ünsiyyət qura bilmələrinə, öz fikirlərini sadə formada ifadə etmələrinə diqqət yetirir.  Qiymətləndirmə aparılarkən söz və ya söz birləşmələrini necə tələffüz etməsi, özü və ailəsi haqqında məlumat verməsi kimi meyarlar nəzərə alınır.

 

Müsahibələrin iyunun 14-dək davam edəcəyi nəzərdə tutulub. Müsahibədən uğurla keçən uşaqların valideynlərinin məktəb seçimi ilə bağlı sorğularını yerləşdirmələri üçün iyunun 24-ü saat 11:00-da düyməyə basılacaq.  Həmin gündən etibarən Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrində tədris rus dilində aparılan birinci siniflərə qəbulla bağlı xidməti ərazi üzrə uşaqların məktəb seçiminə başlanılacaq.

 

Həmin vaxt Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı isə müsabiqəyə yazılma mümkün olacaq. Xatırladaq ki, iyulun 2-si saat 18:00-dək davam edəcək prosesdə rus bölməsi üzrə müsahibəyə yazılmaq istəyənlər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrini, o cümlədən Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbini də seçə biləcəklər.

 

Rus bölməsi üzrə birinci sinfə ərazi üzrə qəbul aparılan ümumi təhsil müəssisələrinə məktəb seçimi üçün qeydiyyat iyulun 12-də bitir.

 

İyulun 5-15-dək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələr keçiriləcək.

 

İyulun 19-dan rus bölməsi üzrə birinci siniflərə prioritetlər üzrə məktəb seçimi etmiş və müsabiqədən uğurla keçən şagirdlər üçün müəllim seçimi başlayacaq.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14 -də başa çatacaq. 

 

Ruhiyyə