Bakı Mühəndislik Universitetində (BMU) tədrisi ingilis dilində aparılan ixtisaslara qəbulun dayandırılması haqqında sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu il tədrisi ingilis dilində aparılan ixtisasların yalnız 3-də qəbul bir il müddətinə dayandırılıb. Növbəti tədris ilindən universitet kadr potensialını, maddi-texniki bazanı gücləndirmək istiqamətində fəaliyyətini daha da artıraraq, bu ixtisaslar üzrə tələbə qəbulunun davam etdirilməsini planlaşdırır.

 

Bu barədə BMU-dan bildirilib. Məlumat verilib ki, 2021-ci ilin qəbul planında BMU-nun ingilis dili bölməsinə 13 ixtisas üzrə 500 nəfərin qəbulu nəzərdə tutulub.

 

Ümumilikdə cari ildə BMU-nun bakalavr pilləsinə 30 ixtisas üzrə 1180 nəfərin, magistratura pilləsinə 18 ixtisas üzrə 265 nəfərin qəbulu planlaşdırılıb.  

 

2021-ci ildə BMU-ya eyni zamanda, 5 yeni ixtisas üzrə - Kompüter elmləri (bakalavr), Elektroenergetika mühəndisliyi, Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Memarlıq (magistratura) ixtisaslarına tələbə qəbulu həyata keçiriləcək.

 

Bununla yanaşı, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramı çərçivəsində İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə də tələbə qəbulu davam etdiriləcək.