Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gəl layihə yazaq!” adlı təlim keçirilib.

 

Üç gün davam edən təlimdə MDU-nun müəllimi, “İşıqlı gələcək” Gənclər İctimai Birliyinin koordinatoru Samrin Xanlayev  tələbələri maraqlandıran bir çox məqamlara aydınlıq gətirib.

 

Təlimin ilk günündə gənclərə layihə təkliflərinin hazırlanması, problem və məqsədin düzgün ifadə edilməsi, layihə çərçivəsində görüləcək işlərin problemin həllinə uyğun gəlməsi, məqsədəuyğun hədəf qruplarının seçilməsi və gözlənilən nəticələrin konkret olaraq müəyyən edilməsi haqqında ətraflı məlumat verilib.

 

Təlimin ikinci  günündə layihənin zəruri elementləri hesab edilən icra və tədbirlər planı, xərclər smetası gənclərə izah olunub.

 

Təlimin üçüncü günündə isə gənclərə əsasən təsviri hesabat formalarından danışılıb və bu tipli hesabatlar hazırlanarkən nəzərə alınması vacib olan amillər diqqətə çatdırılıb.

 

Maraqla qarşılanan təlimdə iştirak edən tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb.

 

Qeyd edək ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, sürətlə modernləşən MDU-da tədris prosesi ilə yanaşı, tələbələrin əlavə bilik və bacarıqlar qazanmasına imkan verən təlimlərin keçirilməsinə və səmərəli təhsil mühitinin təmin edilməsinə xüsusi diqqət yetirilir.