Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovla görüşüb.

 

Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru,  professor  Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov,  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərmin Quliyeva iştirak ediblər.

 

Rektor N.Əliyeva Prezident İlham Əliyevin Bolqarıstanla əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirdiyi uğurlu və səmərəli fəaliyyət barədə danışıb. Azərbaycanın birinci xanımı  Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Bolqarıstanda bir sıra mədəni-humanitar layihələri reallaşdırdığını, azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini, bolqar tələbələrin də dilimizi, milli-adət ənənələrimizi öyrəndiyini deyib.

 

N.Əliyeva qeyd edib ki, BSU dünyanın müxtəlif xarici ölkələri ilə elm və təhsil sahəsində fəal əməkdaşlıq edir:”Unikal ali təhsil müəssisəsi olan BSU-nun beynəlxalq əməkdaşlıq əlaqələrində Bolqarıstan xüsusi yer tutur. Bu gün BSU-da bolqar dili, tarixi, ədəbiyyatı, etnoqrafiyası tədris edilir, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir”.

 

Rektor BSU-nun nümayəndə heyətinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində, Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetində olduğunu, həmin ali təhsil müəssisələrindən xoş təəssüratla ayrıldıqlarını diqqətə çatdırıb, bu dostluq və əməkdaşlıq əlaqələrinin hazırda uğurla davam etdiyini bildirib. Bolqarıstanın yüksək səlahiyyətli dövlət nümayəndələri, tanınmış və nüfuzlu elm və təhsil xadimlərinin dəfələrlə universitetdə olduğunu, BSU-da Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş, eləcə də Bolqarıstanın Avropa İttifaqı Şurasına sədr seçilməsi münasibətilə beynəlxalq tədbirlərin keçirildiyini deyib:” Hazırda BSU-da müxtəlif tədris-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan biri də Bolqar Dili və Mədəniyyəti Mərkəzidir”.

 

Elmi işlər üzrə prorektor,  professor  Rafiq Novruzov BSU ilə Bolqarıstanın ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələr haqqında məlumat verib.

 

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Vətən müharibəsi dövründə universitetin tələbə-gənclərinin onlayn formatda Bolqarıstan gəncləri ilə əlaqə saxladıqlarını, müharibə haqqında həqiqətlərin, o cümlədən Azərbaycanın dinc mülki əhalisinin erməni terrorçuları tərəfindən soyqırımına məruz qalmasını konkret faktlar əsasında onların nəzərinə çatdırdıqlarını bildirib.

 

Səfir Hüseyn Hüseynov Bolqarıstanla Azərbaycan arasında diplomatik-siyasi əlaqələrin inkişaf etdirilməsi və Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi üçün əzmlə çalışacağını qeyd edib, BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını bildirib.

 

Sonra səfir BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub, mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.