Dövlət İmtahan Mərkəzi (DİM ) bu gün respublikanın 10 şəhər və rayonunda  tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

 

İmtahanlar  Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonları, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün aparılır.  

 

Həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçirilir.

 

İmtahanda 12818  şagirdin iştirakı nəzərdə tutulub.

 

İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edir. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi–müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi ayrılıb.

 

Bu barədə DİM-dən məlumat verilib.