Tələbələrin təşəbbüsü ilə hazırlanan layihələrin təqdimatı olub


Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşa şəhərinin memarlıq irsinin bərpa-eskiz layihələrinin onlayn təqdimat mərasimi keçirilib. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə universitetin rektoru Gülçöhrə Məmmədova qonaqlara layihə barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, memarlıq fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə ərsəyə gələn “Şuşa şəhərinin şəhərsalma inkişafı və tarixi memarlıq irsinin bərpası” layihənin hazırlanmasında əsas məqsəd Şuşanın nümunəsində tarixi şəhərlərin inkişafı və memarlıq irsinin qorunması, abidələrinin bərpasından ibarətdir.

 

Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan xalqı bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır!

 

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuzun Vətən müharibəsində tarixi qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında saxladığı əzəli torpaqlarımızı azad etməklə, milli çağdaş tarixinə şanlı səhifə yazdı. Bu misilsiz qələbə həm də Qarabağ ərazilərinin bərpası, milli-mədəni irsimizin bərpasının və inkişafının təmin edilməsinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.

 

F.Qurbanov xüsusilə qeyd edib ki, Qarabağın incisi, zəngin təbiəti və mədəniyyəti ilə seçilən Şuşa işğaldan azad edilib!

 

Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq. 30 illik həsrətinə son qoyulur, - deyə dövlətimizin başçısı Ali Baş Komandan cənab İlham Əliyev qeyd edib.

 

Diqqətə çatdırılıb ki, 1992-ci ildə Şuşa şəhəri təcavüzkarların ciddi zərbəsinə məruz qalmış, Şuşa məscidləri, buradakı qədim qəbiristanlıq, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsi, daş heykəllər, qədim qəbirlər, kurqanlar və digər tarixi abidələr dağıdılmış, daşınması mümkün olan mədəni sərvətlər Ermənistana aparılmışdır.

 

Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin, Şuşa şəhərinin bərpasıdır və əminik ki, bu prosesdə Azərbaycan gəncləri fəal iştirak edəcəklər.

 

Nazir müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, maddi və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, memarlıq irsinin bərpa olunması məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır. Ölkə başçısının tapşırıqlarına əsasən, Şuşada bərpa işlərinin aparılması ilə bağlı ciddi işlər həyata keçirilir. Bu baxımdan, Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən Beynəlxalq abidələr gününə həsr olunmuş Şuşa şəhərinin memarlıq irsinin bərpası ilə bağlı eskiz layihələrinin təqdimatını yüksək qiymətləndiririk.

 

Şuşa şəhərinin bərpası istiqamətində tələbələrin hazırladığı eskizlər, eyni zamanda ölkəmizin mədəniyyət incisi olan Şuşa haqqında onlarda biliklərin artırılmasına, vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək.

 

Firudin Qurbanov əminliyini ifadə edib ki, olduqca əhəmiyyətli məsələyə həsr olunan təqdimat  milli-mədəni dəyərlərimizin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində öz töhfəsini verəcəkdir.

 

Daha sonra Şuşa şəhərinin 2020-2040-cı illər üzrə baş plan layihəsi barədə danışılıb, tələbələrin iştirakı ilə görülən işlər izləyicilərə təqdim olunub. Təqdimatın sonunda layihənin nəticəsi kimi tələbələr müasir kompüter proqramlarından istifadə edərək Şuşaya ilk gediş marşrutunu təqdim ediblər.

 

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları - Hicran Hüseynova, Aydın Mirzəzadə və Hikmət Babaoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova tələbələrin təşəbbüsünü dəyərləndirib, işğaldan azad olunmuş şəhər və kəndlərimizin yenidən qurulması, bərpası və inkişafı prosesində AzMİU-nun professor-müəllim, tələbə potensialından istifadənin vacibliyini vurğulayıblar.