Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schlumberger” şirkəti arasında əməkdaşlıq əlaqələri genişlənir.

 

BANM-in rektoru Elmar Qasımov “Schlumberger” şirkətinin Azərbaycandakı icraçı direktoru Maria Yunda ilə görüşdə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib.

 

Görüşdə “Schlumberger” ilə 2014-cü ildə yaradılan əlaqələrin daha da genişləndiyi qeyd edilib.

 

E.Qasımov bildirib ki, təhsil ocağında yüksək intellektual potensila malik, savadlı gənclər təhsil alır və onlar məzun olduqdan sonra 100 faizlik işlə təmin edilirlər.

 

BANM-də texniki ixtisaslarla yanaşı, texnoloji ixtisasların da tədris olunduğunu deyən rektor  bu ixtisaslar üzrə yeni proqramların reallaşdırılmasının və  xarici təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

 

Eyni zamanda, ali məktəbdə mühəndis kadrların hazırlığı prosesində şirkətlərlə əməkdaşlığa böyük önəm verildiyini bildirib.

 

Maria Yunda BANM tələbələrinin potensial kadrlar olaraq nəzərdən keçiriləcəyini və gələcəkdə şirkətdə geniş karyera imkanları yaradılacağını deyib. İcraçı direktor BANM-də təlim və tədris üçün yüksək standartlara cavab verən bütün zəruri infrastrukturun yaradıldığını, karyera və təcrübə proqramları istiqamətində əməkdaşlığa maraqlı olduqlarını bildirib. M.Yunda informasiya texnologiyaları ixtisaslarına tələbat yarandığını və bu ixtisaslar üzrə təhsilini başa vuran BANM məzunlarının işə cəlb olunması prosesinin sürətləndirilə biləcəyini vurğulayıb.

 

Xatırladaq ki, 2014-cü ildə BANM və “Schlumberger” şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində hər il şirkətin mütəxəssisləri tərəfindən tələbələr üçün müxtəlif mövzular üzrə təqdimatlar təşkil edilir,  tələbələr şirkətin strukturlarında yay istehsalat təcrübəsi keçir və işlə təmin olunurlar.